Həkim-şair Əfrahim Hüseynli – Yeni şeirlər FOTO-VİDEO

BƏLKƏ XƏBƏRSİZSƏN BU GƏLƏN QIŞDAN

Bir vaxt ayağına gəldiyim ömrün,-
Hağılı qalıbdı böldüyüm ömrün.
Qızıldan qiymətli bildiyim ömrün
Qızılı yox imiş, dürrü yox imiş.

Yadıma düşmədi heç gəlim-gedim,-
Görünməz göründü bu ömrün həddi.
Hər günə, hər aya – şeirdi, dedim,-
Çox bəndi, misrası – sətri yox imiş.

Ha haqqı aradım, yerini tapdım…
Daşın, çiçəyin də dilini tapdım.-
Suların yol kəsən selini tapdım,
Çox şeyi deməyin yeri yox imiş.

Uzun gecələri ömrümə köçdü,
Gördüm Yer üzündə, Göyündə köçdü.
Ayın, ulduzun da tilsimi heçdi,-
Bu kəhkəşanın da sehri yox imiş.

Boran da, çovğun da dayanıb başda,-
Görünməz olubdu qaya da, daş da…
Bəlkə xəbərsizsən bu gələn qışdan?-
Bir də görəcəksən biri yox imiş.

GÜNLƏRİN GÖZÜNDƏN DÜŞDÜM DEYƏSƏN

Yadında qalıbmı, nə gözəl idi
Yer üzü kəsəkli torpağınadək,
Açılan çiçəyi, solan çiçəyi,
Saralıb tökülən yarpağınadək?

Üz tutub getdiyim yolun, ciğirin
Nə dumanı vardı, nə qarı vardı.
Qışın nəfəsi də belə deyildi,
İllərin ayrı bir baharı vardı.

Bilmədim, baharlı yolların sonu
Duman qollarını açanacandı.
Suallar içində yordum özümü,-
Bir gümanın ömrü hacanacandı?

Yollar ayaqladım gərəksiz yerə,-
Günlərin gözündən düşdüm deyəsən?!
Küləklər, yağışlar döyən qapını
Daha istəmirəm gəlib döyəsən.

İlləri ömürdən silmək də olmur…
Günündə, ayında kəm-kəsir qalıb.
Daha elə bilmə, bir nəfər hələ
Hər yükü çəkməyə müntəzir qalıb.

Yapışıb yaxamdan günahlar kimi
Vəsfinə yazdığım şeirlər indi.
Bəlkə də oxuyan doğma da, yad da
“Necə bəxtli imiş!” deyirlər indi.

Bu qışı qınama sən bilə-bilə,-
Kim gəldi ömrümə bu qışdan betər?
Daha bel bağlama tanış yollara,-
İndi mən olmuşam dağ-daşdan betər!

Yazılan yazıdı, rəva bilmirəm
Hardasa, kiməsə yadam deyəsən!
Küləklər, yağışlar döyən qapını
Daha istəmirəm gəlib döyəsən.

 

 

          ATAMDAN SONRA

Əllərim uzalı, əlini verməz,
Yaxşı ki, bu dərdi, həsrəti görməz.
Əyilib öpsəm də, yerini verməz…
Bu qara torpağı atamdan sonra.

Bir vaxt sındırardı bar ağacları,
Torpağı öpərdi nar ağacları.
İndisə, əyibdi qar ağacları,-
Budanmır budağı atamdan sonra.

Ay ana, hardarır köçən qızların?
Bu dərdi mənimtək çəkən qızların?..
Ayağı kəsilib vəfasızların,
Bilinmir sorağı atamdan sonra.

Düşən işıq idi zülmətə bu ev,
Bilmədik yurd olar xiffətə bu ev.
Yaman alışmışdı söhbətə bu ev,
Azalıb qonağı atamdan sonra.

Günlər ötüşəcək necə, bilmirəm?
Dərd su yerindədi, içə bilmirəm.
Daş – kəsək əlindən keçə bilmirəm
Bu yolu – yolağı atamdan sonra.

Ana, saçlarının hanı qarası?
Bu ömrün həsrətdir qalan yarısı.
İnciyib küsəndə, de, kim oxşasın
Balaca Afaqı atamdan sonra?

 

Əfrahim Hüseynli- Pressaz.az