Məlahət İsmayılqızı:” MƏNDƏN GÖYÇƏYƏ YETİRİN SALAM”… FOTO
GÖYÇƏ FOLKLORU…
“MƏNDƏN GÖYÇƏYƏ YETİRİN SALAM”…
Bax necə pozulub ömrüm gülşəni,
Həyat Sənsiz mənə zindandır Ana !
S. Vurğun
Sən çağırsan gələrəm Mən…
F. İbrahimi
Anam Süsənbər Xanımın Əziz xatirəsinə …
Bu gün artıq bir nağıla, əfsanəyə dönmüş bir diyarın neçə- neçə minlliklərdən boylanan Ulu Göyçənin folklor dünyası – baməzə, lətifəli, şivəli, sırf arxaik deyimləri, atalar sözləri, məsəllər, şeirlər, aşıq sənəti – Dədə Qorquddan başlamış Ozan Heydər, adlar sadalandıqca sadalanacaq, bitib- tükənməyəcək müqəddəs bir yurdun İlahidən gələn Övliya ruhu, bini- bərəkəti !
Sən nələrə qadir deyildin Tanrı nurundan yaranan, müqəddəs sulardan Şəfəqlənən Göyçə gölü ! Tanrı bu torpağı bizlərə bir əta, olaraq, bir ərməğan olaraq bəxş etmişdi, Allahın- Tanrının, Uca Yaradanın bir bəxşişi, bir lütfü olaraq vermişdi, nədən qədrini bilmədin İnsan Oğlu?..
Mənim üçün ilkin mərhələdə Göyçə folkloru dedikdə üç- dörd yaşlarında olarkən Ana Nənəmdən- Məsmə Mamamdan eşitdiyim uzaq minilliklərdən xəbər verən şeir parçaları, xırda nümunələr yaddaşıma əbədilik həkk olunub, mənim aləmimdə folkloru bizə yaşadığımız Göyçə mühiti və ailəmiz öyrətmişdir :
Ədə a balam,
Mən qurbanam astananızın daşına,
Çevir məni Allahın başına,
Rəhm elə gözdən axan qanlı yaşıma,
Çevir məni mürvətdi başına !
Yaxud Məsmə nənəmin (biz ona Məsmə Mama deyərdik) ona maraqla qulaq asdığımı görüb davam etdirdiyi bir nümunə də çox maraqlıdır:
Akoşkadan baxan yar,
Səndən başqa kimim var ?
Akoşkanın milləri,
Yerə düşüb gülləri,
Səndən gözəl yarım var…
Ay aman, aman. Bəzənsə bu nümunəni ayrı bir variantda oxuyardı :
Alnavatdan baxan yar,
Səni qoyub gedə bilmirəm…
Yol gözləyənim var,
Ay aman, aman…
Bax bunlar idi bizlərin ilk folklor dünyası ! Bu məqamda incə bir məsələni də unutmamalı, məhz Göyçə folkloru eyni zamanda Azərbaycan folklorudur.
Bu yerlərin ilk folklor toplayıcısı kimi Anam Süsənbər Xanımdan söz açmaq istərəm…. Onun topladığı atalar sözü, zərb- məsəllər, aforizmlər, rəvayətlər, hekayətlər, el ağzında dolaşan mahnı və bayatılar, nəğmələr, arxaik sözlərdir Göyçə folkloru. Əslində bütün bunları nizama salıb qeydlər edən bizlərin Xanım anası Süsənbər Xanım olmuşdur. Yanılmıramsa, Göyçə mühitində ilk folklor toplanması, sadə insanlar arasında, məhz Süsənbər Xanıma məxsusdur. Heç bir ali təhsil almasa da, bu günkü çox ali təhsillilərdən daha üstün səviyyəyə, dünyagörüşünə, böyük ürəyə malik idi mənim Xanım Anam- mənim Süsənbər Anam. İnsanlığı, xeyirxahlığı aşıb- daşan, səliqə- səhmanı çox Ana- bacılara nümunə olan Süsənbər xanımın ürəyi böyük, qəlbi geniş idi. Göyçə mahalının sayılıb seçilən, mərd. qoçaq bir kişinin, qeyrət sahibi, uzun illər Qərbi Azərbaycanda məsul vəzifələrdə çalışmış Abbas Yusif oğlu Əhmədovun və Məsmə xanım kimi uca bir Ananın övladı olmuşdur.
Ziyalı bir mühitdə böyüyən bu Ana çox sonralar öz Ata-Anasına, öz Göyçək Göyçəsinə şeirlər yazacaq, folklor nümunələrini toplayacaq, “Atam- Anam gəzən yerlər” deyə soraqlayacaqdır.
İşim- işim iş olsun,
Göydə uçan quş olsun,
Məleykələr yoldaşım,
Huilər bacım olsun!
Süsənbər Xanımin öz yaradıcılığı belə folklordan qaynaqlanırdı. Onun öz şeirlərində Ata- Ana Ocağına məhəbbət, erməni daşnaklarına nifrət və ölüm, doğma Göyçəsinə dərin bağlılıq, torpaq və yurd həsrəti yatır. Minilliklərdən gələn bağlılıq idi bu həsrətin adı ;
Bilmirəm o yerlərə necə gedim,
Heyifimi ermənidən necə alım ,
Bu sözlərim deyildir yalan,
Məndən GÖYÇƏYƏ YETİRİN SALAM !..
Artıq bu salamları bizlər yetirməliyik Vətənə. Təkcə salamınımı yetirməliyik, yox dizlər üstünə çöküb hönkür- hönkür ağlamalıyıq… Bağışla bizləri Vətən deyə bilmək üçün! Mənə can deyən Ata- Ana artıq çoxdan candan olublar. Bu günlər güclə çəkib apardığımız dərd- ələm və Göyçə adlı həsrətdir. Nədəndir bilmirəm, Anaların taleyini qızlar daşıyır, “ İztirab İnsanla Ömürlük doğulur- A. İman”.
Göyçə folklorunda adət- ənənələrlə bağlı insanların həyat və yaşamları baməzə litifələr, xalq ruhundan, yaddaşından qaynaqlanan hadisələr hekayətlər, bir qədər zarafatyana şəkilə salınaraq təkrar xalqa qaytarılmışdır.Məs., Məsmə Mamama xas bir zarafatyana deyim, “ Ağa, günahınada Nərədüzdən bəri” maraqlıdır deyilmi, əslində burada adlanan Nərədüz Göyçə gölü ilə üzbəüz o biri toy – yer adı nəzərdə tutulur. Adətən Nərədüzdən Göyçəyə dəvələrlə qonaq- qara çox gələrmiş, belə söyləyirlər…, Hər şey gözəl idi, dünya öz axarında- baxarındaydı, lakin günün birində məkrli düşmən, alçaq niyyətli düşmən bu gözəl obaları, dəngil- divanları, pərən- pərən saldı, yerindən, yurdundan perikdi Göyçə… Yağı düşmənə fövtə- fürsət verildi… Və bu yerdə yadıma bir Kərkük bayatısı düşür:
Al, çax fələk,
Silahın al, çax fələk,
Namərdi mərd edibsən,
namərddən alçax fələk !..
Bu folklor nümunəsini tez- tez xatırlayıram, zamanla çox ayaqlaşır. Və zaman bu zamandır… Süsənbər xanımın anası Məsmə xanım da- bu müdrik el Anası Goyçə camaatı arasında öz qeyrətinə, mərdliyinə, cəsurluğuna görə Ona Göyçənin Ərəbzəngisi deyə adlandırardılar. Bu xanımların heç birisinin həndəvərində haqsız, cahil, ədalətsiz bir hala, qəbahətə yol verilə bilməzdi. Nənəm Məsmə xanımın, bu müdrik el anasının qəlbi, könlü, bütün yaşamı folklorla, deyimlərlə, məntiqlə bağlı idi. Günü bu günə qədər də Göyçə camaatı arasında onun işlətdiyi ifadələrdən, nümunələrdən, baməzə əhvalatl və sözlərdən insanlar istifadə edir. Məsmə Mamamın tez- tez işlətdiyi bir ifadə yəqin ki, çoxlarının yadındadır, “ Ədə a bala bəri gəl, sənə kişmiş verəcəm”. Mənasını yəqin ki, anladınız, əgər hər hansı biri öz yerini bilmədisə, qəbahət etdisə, işlətdiyi söz və danışığı yerində deyildisə, deməli Məsmə xanım bu deyimi işlətmişdi, vəssalam. Bu da bir Göyçək Göyçənin folklor ənənəsi idi.
Elə bu yerdə bu hadisə ilə bağlı balaca bir haşiyə danışsam məncə yerinə düşər. O gözəl vaxtlarda , Göyçənin kefinin kök çağlarında ustad şairimizin yönü Göyçəyə düşür, o vaxtlar tələbə imiş. Təsadüfən bizim Sədanağac- Güney kəndində Məsmə Mamamla rastlaşırlar. Məhz həmin vaxt Z. Yaquba dünya böyüklüyündə folklor aləmi bəxş edən bu Göyçə Ərəbzəngisinə şair heyran qalır. Deyimlər, sözlər və s. öz yerində “ gəl sənə bir kişmiş verim “ deyimi uzun illər şair yaddaşından çıxmamış və Göyçə itkisini “ Göyçə dərdi” poemasında ürək yanğısı ilə Göyçəni vəsf etmişdir.
İndi hanı o Nənələr, hanı o Xanım Analar! “Əcəl aldı, yer gizlədi, fani dünya yenə qaldl”… Sizlərin yatdığı o torpaqlar nə yetirəcək görəsən?! .
Pis nəfəsdən, bəd nəzərdən, yaman gözdən qorunmaq üçün həm nənəmin, həm də Süsənbər xanımın üzərrik yandırmağı, o məqamda dedyi sözlər çox yəqin ki, xalqımıza yaxşı məlumdur: Üzərriksən həvasan, Yaman dərdə dəvasan, Üzərriyim çırtdasın, yaman gözlər pırtdasın Çıxdım Ağrı dağına, dedim Səttar Ağa, Dedi, nədi biçarə, Dedim dərdimə çarə!
Dedi qapının, qonşunun özündə, bəd gözü olanın özü,
Bu odda yansın çırta- çırt, On İkinci İmamın gül camalına
(Salavat)
Göyçə həsrəti, yurd dərdi sağalmaq bilməyən bir həsrət, bir dərddir. Həmin Göyçənin ruhundan, hallalliğından, zəhmət ətirli ocaqlarından gələn ruh idi ki, Süsənbər Xanımın, Məsmə Mamam (nənəmin) kimi Ana- bacıların ruhuna daxil olmuş, sonda şeiriyyətə, bayatılara dönmüşdür:
Göyçənin dağları,
Yetişib meyvə bağları,
Səni yığır erməni dığaları,
Gəl ölmə innən belə! – Süsənbər Xanım
Göyçə mahalında, məişətdə, insanlar arasında, o cümlədən Məsmə Mamam, Sayalı xala, Sehran xala, Qəndab Mamam, Tellər xala, Qələm xala, Suğra xala, Şəhla xanım, Süsənbər Xanım, Güllü xala, Nazxanım xala kimi xanımlar içərisində, ümumən isə camaatımız içərisində işlənən məxsusi arxaik sözlər vardı, Bu sözlər, deyimlər Qədim Göyçə mahalının əski türk inanclı insanlarının etnoqrafiyasını, folklorunu, ifadə etmək baxımından əvəzsiz nümunələrdir. Xanım Analarımız, Nənələrimiz minillərdir yol gələn gündəlik məişətdə işlənən bu ifadələr – deyimlər əziz Vətənsevərlərə kitab halında təqdim olunmuşdur. Bir məsələni də qeyd edim ki, Azərbaycan- Göyçədə işlənən atalar sözü, aforizmlər, bayatı- nəğmələr, ibrətamiz hekayətlər və s. Süsənbər Xanıma məxsus şeirlər toplanıb “Süsənbər Ətri”, “Göyçənin rəmzi Göyçə gölüdür” və “Məndən Göyçəyə yetirin Salam” adlı kitablarda dərc edilmişdir.
Toplanan bu qiymətli əvəzsiz mənəvi sərvət- folklora məxsus deyimlərin sayı iki minədəkdir, o cümlədən ikiyüzə yaxın arxaik sözlər də öz əksini tapmışdır. “Yağım yaxşə yağdır, hayıf ki, it dərisindədir”, “Çaqqal var, gödən yırtır, qurdun adı beddamdır”, “Gözünü kim tökdü, özümünkü…” Əslində qeyd etdiyim kimi toplanan, qeydə alınan bu folklor, danışıq tərzi deyimləri, baməzələr və . bunlar hamısı Süsənbər Xanıma, Məsmə Mamama, bu və ya digər dərəcədə Göyçə- Qərbi Azərbaycana məxsus danışığq tərzi, məişətdə işlənmiş məsəllər, lətifələr və s. bu xanım tərəfindən toplanmışdır. İlkin variant kimi “Süsənbər Ətri” (2008) kitabında nəşr edilmişdir. “Süsənbər Ətri “ adlı kitab Onun itkiindən sonra, ildönümündə nəşr edilmişdir.
Sinədəftər idi mənim xanım Anam, mənim bənövşəli Anam ! Təkcə sinədəftərmi, yox ürəyi böyük , qəlbi geniş, səxavətli, mərdi- mərdanə. Haqqın, ədalətin doğrunun tərəzisi idi mənim Xanım Anam, cəfakeş idi, fədakar idi, dünyanın özü ağırlığındı yükünü çiyinlərində daşıdı. Dözərdi, uzun ömür yaşaya bilərdi, amma yaşamadı, ən əvvəl torpaq- yurd həsrəti qoymadı, sonra isə qardaşı Şükür Əhmədovun vaxtsız itkisinə dözə bilmədi. Qardaş itkisindən cəmi on səkkiz gün sonra bu vəfasız, qeylü- qallar dünyasına gözlərini həmişəlik yumdu, yumdu ki, özündən sonra dünyanın çirkinliklərini görməsin! Yumdu ki, insanlıq arasına düşən ögeyliklər, balıq cildinə girən İlanların meydan sulamalarına şahid olmasın!
Canım Ana, gedişinlə dəngil- divanlarımız dağəldı, hönkürmək üçün çiyinlər axtardıq… Ama Ana dayağından, Ana çiynindən daha yaxşısı olmur! Qaldıra bilmədik bu itkini… Barışmadıq bu gedişatla, sadəcə olaraq ayaqlaşmağa çalışdıq, sadəcə olaraq alışmağa çalışdıq, sadəcə olaraq yaşamağa çalışdıq…
“Dədə Qorqud” məzarlığına isə yollar uzanır, uzanır, və hər dəfəsində Atamın məğrur baxışları ilə rastlaşıram : “Mən yaşamaqdan heç bir zaman yorulmadım. Yaşamaq həmişə gözəldir qızım” deyən ağıllı, müdrik səsini eşidirəm. Mamam isə, ah mənim qayğıkeş Anam, üzündən heç bir zaman əksilməyən təəbəssümlə baxır: “Heç vecinə də alma qızım, axı xırda adamların böyük kölgələri əmələ gəlib”… Xırda adamların böyük kölgələri əmələ gələndə Günəş batır”, vəssalam.
Mənim mavigöz Əzizlərim Sizlər mənim üçün hər zaman altında istidən və soyuqdan qoruna bildiyimiz böyük və əzəmətli, ancaq yamyaşıl ağacsınız, elə bir ağac ki, həmişə yaşıl olacaq, hər zaman həyat və yaşamın simvolu olacaq ! Gözəl və ölməz şairimiz deməli :
Nəyimizə lazım ev- eşik bizim ?!
O yaşıl ağacın altı bizimdir ! – Z. Yaqub
Mənim Mavigöz Əzizlərim, istər Anam Süsənbər xanım , istərsə Atam İsmayıl Əliyev son günüməcən mənimləsiniz. Və nə vaxtsa mən bu dünyanı tərk edəndə Siz də mənimlə bərabər bir daha Göyçəli dünyanı tərk edəcəksiniz. Ancaq səpdiyiniz ədalət və xeyirxahlıq toxumları hər zaman öz bəhrəsini verəcəkdir. Adlarınız yaxşılıq və xeyirxahlıq siyahısının ən uca yerlərindən birini fəth etmişdir. Çünki Hörmüzlər hər zaman Əhrimənlərə qalib gəlmişdir…
“Ədalət nədir ?- Ağacları sulamaq. Zülm nədir ?- Tikana su vermək- M. C. Rumi”
Təəssüflər ki,bu günlər bir çoxlarımız ədalət axtarışı ilə tikanlara su veririk, təbuu özümüz də bəlkədə bilərəkdən.
“ Göydən nə yağmayıb ki, Yer qəbul etməsin” – Süsənbər xanıma məxsus deyimlərdən. Təbii Yer yaxşını da, pisi də qəbul edir, lakin İnsan var ki, ailədən gedir, İnsan da var ki, dünyadan- aləmdən, eldən gedir…
Qeyd etdiyim kimi bu folklor nümunələri ikiminədəkdir, eyni zamanda arxaik sözlər, bir sıra şeir və hekayətlər də burada yer alır. Bunlardan əlavə bu Xanım Ananın özünəməxsus şeirləri, bayatıları da əks olunmuşdur. Göyçə evlərində danışıq tərzinə məxsus arxaik sözlər, deyimlər- bunlardan bir neçəsini təqdim məncə yerinə düşər :
1. Döşəmə əski siləndən atlaz olmaz.
2. Anam bilsə mənə soğan lazımdı, tumanını satıb mənə soğan alar ( dişçıxaran uşağın dilindən)
3. Axşam- sabah yalan deyil, yeri- göyü yaradan Allah var.
4. Acımış eşşək atdan yeyin gedər.
5. Gözdəyməcəlliyi danışdır ki, sənə sədəmə toxunmasın.
6. Pis iş görən gedir təp- təzə, görənə verirlər cəza !
7. Mənə dəymiyən qurd min il yaşasın.
8. Nə də pis burnu var, elə bil qılıncda canavar oturub !
9. İtə umud olub hürmədim… və s.
Eyni bu halda arxaik sözlərdən də misallar gətirmək olar, bir amili də qeyd edim ki, Göyçə mühitində işlənən arxaik – əski sözlər eynən sıtf türk köklü köməclidir, bəzən hətta bizdə işlədilən bu sözlərin indiki Türkiyədə və bir s. türk kökənli xalqlarda görmək mümkündür. Məs. mustuq, hajat, balatı, Alaosmannı, Herqudu, ismarış, yığval, ityosunnu, çalası, yelin, xaral, peşxun, tənə, külfə, küt, , mıx, oda, öy, soyuxlux və s.
Əlbəttə belə sözlər, deyimləri toplayan Süsənbər xanımın gözəl, nəcib işi göz qabağındadır, lakin onun öz Ata- Anasına, kökünə- soyuna olan məhəbbəti, hörməti bu günlər üçün ancaq örnək ola bilər. Onun öz Ata- Anasına həsr etdiyi şeir yəqin ki, çoxlarını düşündürməyə qabildir, bu gözəl şeir paqçasını verməklə həm o Anaların tuhunu şad etmiş oluruq, həm də bir daha böyüklərimiz qarşıında borcumuz nəymiş deyə düşünürik… Yaşananlar mühakimə olunmur, ondan ibrət çıxarılmalıdır !
Həyatda ATADAN – ANADAN şirin nə var…
Həyəti cənnətə bənzər,
Bağında bülbüllər gəzər,
Dörd oğlu olan Ana, oğulsuz gəzər,
Atadan- Anadan şirin nə var !?.
Anam yoxdur, ora gedə bilmirəm,
Getsəm də, görməsəm də dözə bilmirəm…
Onlar gedəli mən də xətəyəm,
Atadan- Anadan şirin nə var!?.
Ata, Anamı bilirdim incə,
Onlarla gün keçirirdim həmişə,
Onlarsız o qapıya gedim nə işə ?
Atadan- Anadan şirin nə var !?
Dedim, gedim qəbir üstə,
Gül qoyum qəbirlərə dəstə- dəstə,
Mən də onlarsız olmuşam yaman xəstə,
Atadan- Anadan şirin nə var ?!
Anam mənə can deyərdi,
Atam həmişə dərman verərdi,
Hər gedəndə üzümə gülərdi,
Atadan – Anadan şirin nə var !?
Mənim müdrik Anam doğurdan da Ata- Anadan gözəli və yaxşısı olmur… Ata- Anasının və o yerlərin həsrətini çəkirdi, onların məzarlarının erməni tapdağında qalmağını qəbul edə bilmirdi, torpaq, yurd həsrəti sonda səni də, Atam İsmayıl Əliyev kimi ermənilərə qənim olan Şəxsiyyəti də öz ağuşuna aldı. Böyük zəhmət tələb edən, mənəviyyat aləmindən xəbər verən folklor dünyasının biliciləri kimi Göyçə Xanımları adlarınız şərəf və ləyaqətin, zəhmətin simvolu kimi Azərbaycan tarixində yaşayacaqdır. Mənim Xanım Anam baxmayaraq ki, heç bir insitut qirtarmamışdı, ali təhsil almamışdı, ancaq çox- çox ali təhsillilərə örnək idi, istər ev- eşiyində, istərsə də cəmiyyətdə, həyata baxışda. Cahilliyin, cəhalətin düşməni idi, içində, mənəviyyatında dünyaya min bir maraqla baxan, ömür- gün yoldaşı İsmayıl Əliyev kimi həyatı, yaşamağı sevən, dünyaya nikbin baxan bir Ana idi mənim mavigözlü Süsənbər Anam!
Sinəsi, qəlbi folklorla, rəvayətlərlə, aforizmlərlə, bayatılarla dolu bir Göyçə Xanımı. Xatiriniz dünyalar durduqca yaşayacaq !
Dərdini söylə dərd bilənlərə,
Dərd başına gələnlərə,
Hər sözü bizar eyləmə,
Hər üzünə gülənlərə ! – Süsənbər Xanım
Və Mən nöqtə qoyuram, əlbəttə nə Göyçəli, nə də Atalı- Analı dünyaya nöqtə qoymaq mümkün deyil. Bu dünya səninlə başlayıb, səninlə də sonlanacaq, ancaq yenidən başlamaq üçün… yenidən daha parlaq döğmaq üçün… dünyanı yenidən nura qərq etmək üçün ! Çünki, İnsan əməlləri heç vaxt ölmür…
Məlahət İsmayılqızı AYB_ nin, AJB- nin üzvü, Publisist, tədqiqatçı yazar