Nizami Qərib – Yeni şeirlər.. VİDEO
OLARMI
Nə etdim ki, günahımı de, gülüm,
Çəkəmmirəm, ağır oldu bu zülüm.
Fərqi yoxdur, ya sənsizlik, ya ölüm,
Canı-candan ayırmayaq, olarmı?
Zaman getmir, ömür gedir biləsən,
Neyləyim ki, göz yaşını siləsən?
Bircə gecə kaş yuxuma gələsən,
Canı-candan ayırmayaq, olarmı?
Nə xoş idi, sənli bahar, sənli qış,
Aydınlıqdı gözlərimdə çənli qış,
Sənsiz mənə yad olubdur dost-tanış,
Canı-candan ayırmayaq olarmı?
Yorulmuşam, daha səbrim qalmayır,
Ümidlər də küsən könlü almayır,
Nə qədər ki, gül yanağım solmayıb,
Canı-candan ayırmayaq, olarmı?
Sən, bir gülsən, icazə ver qoy dərim,
Ay bağıma, şölə saçan səhərim.
Hücum çəkir sənsiz mənə kədərim,
Canı-candan ayırmayaq, olarmı?
Şükr edirəm, nə yaxşı ki, varımsan,
Eşq bağında həyat verən barımsan,
Sən canımda can paramsan, yarımsan,
Canı-candan ayırmayaq, olarmı?
İnsaf eylə, duy qəlbimi, hiss elə,
Bu həsrəti, intizarı bəs elə,
Yalvarıram, bu inada pəs elə,
Canı-candan ayırmayaq, olarmı?
Nizami Qərib -Pressaz.az