Hüquqşünas, Şair ƏDALƏT QAFAROV (ƏROĞLU) – Yeni şeirlər….

ODLAR YURDUM AZƏRBAYCAN GÖZƏLDİ

Ay həzarat, sizə deyim sözümü,
Bu dünyanın səsi, ünü gözəldi.
Adamların sonsuz səbri, dözümü,
Həyatında sevinc günü gözəldi.

Həsrət cəkən intizarlı günlərin,
Müjdə dolu, bu həyatda illərin.
Odlar yurdu vətənimdə dillərin,
Millətimin dili, dini gözəldi.

Ulu, qədim tarixi var bu dilin,
Qəhramanlar yetirdiyi bu elin.
Qələmi, qılıncı Şah İsmayılın,
Vətənimin toy, düyünü gözəldi.

Anaların, bala hissi özəldi,
Atanın da məhəbbəti gözəldi.
Ululara bol hörməti gözəldi,
Yaşamaq hüququ, şəni gözəldi.

Uşaqların iməkləyib, aşdığı,
Addımlayan ilk addımı gözəldi.
Qocalaraq saçın başda ağlığı,
Qürur verən Türk adamı gözəldi.

Bu dünyada nə var Tanrı eşqidi,
Sevgi bizə ulu Tanrı bəxşidi.
Sevgi özü dünyamızın nəqşidi,
Bu dünyanın eşq əkəni gözəldi.

Ədalət, bu yazdıqların “qəzəldi”,
Yurdsuz qalan ürəyin də xəzəldi.
Salıb bəndə yazmısansa əzəldi,
Azərbaycan-Türk vətəni gözəldi.

 

        YOZMALADI…

Salam verib əl uzatdım,
Ora-bura yozmaladı…,
Xoş niyyəti anlamayıb,
Sözümü də azmaladı…

Günlər keçdi, illər keçdi,
Kədərləndim bu görüşdən,
Ürəyimdən nələr keçdi…,
Həyat məni sazmaladı…

Çox izlədim o cananı,
Görəndə mən həmin anı,
Lap yandırdı bax bu canı,
Ürəyimi qazmaladı.

 

                AMANDIR…

Qərənfillər, dərdim sənə əyandır,
Şəhidlərim hər bir kəsə bəyandır,
Torpaqlarım başdan-başa al-qandır,
Ağla bacım, ağla anam, amandır.

Qaysaq verməz Şəhid adlı bu yaram,
Vətənin yolunda Şəhidəm, varam,
Deyin, qana bulaşmayıbdır haram?
Ağla bacım, ağla anam, amandır.

İllər ötür, dövran həmin zamandır,
Ata-Ana fəryadı çox yamandır,
Qan tökülür, el-obamız talandır,
Ağla bacım, ağla anam, amandır.

Unutmaq olarmı bu şanlı izi?
Vətənçün ölüm də qorxutmur bizi,
Unutmaq olarmı, faciəmizi?
Ağla bacım, ağla anam, amandır.

Ağlama, ey mənim hünərli Bakım,
Dünyamın paytaxtı, dəyərli Bakım,
Gələcəyi, parlaq səhərli Bakım,
Ağla bacım, ağla anam, amandır.

Vuraq, deşək düşmənimin qəlbini,
Öldür, dərindən qaz düşmən qəbrini,
Parçala, məhv eylə, unut səbrini,
Ağla bacım, ağla anam, amandır.

İzzətoğlu gecələri yatammaz,
Heç bir düşmən millətimə batammaz,
Torpağımı torpağına qatammaz,
Ağla bacım, ağla anam, amandır.

 Hüquqşünas, Şair QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU) – Pressaz.az