Nizami Qərib – YENİ ŞEİRLƏR…

                   SƏNSİZ

Səninlə bir yerdə getdiyim yolu,
Kölgəmlə əl-ələ gəlirəm, sənsiz.
Təkliklə sınanan kövrək ömrümə,
Bu dünya qəfəsdi bilirəm, sənsiz.

Hər kəsə bir cürə, yazılıb qismət,
Bizi ayırana olsun min lənət.
İllərdir sevincə qalmışam həsrət,
Gözümün yaşını silirəm, sənsiz.

Sığmır ağrılarım yerə, nə göyə,
Niyə bu ayrılıq, de axı niyə?
Zülmət gecələrdə sən yoxsan deyə,
Dərdimi özümlə bölürəm, sənsiz.

Fikrim taleyimlə barışmaq deyil,
Dərdimi məzara daşımaq deyil.
Vallah yaşamağım yaşamaq deyil,
Hər gün zərrə-zərrə ölürəm, sənsiz.

 

       DÖNÜM KÜLƏ

Qəm-kədəri uzaq eylə,
Gün keçirək gülə-gülə.
Başını qoy sinəm üstə,
Sığal çəkim qara telə.

Seyr eləyək bu cahanı,
Gül-çiçəkdi dörd bir yanı.
Məni sevməyən cananı,
Mən sevirəm bilə-bilə.

Arzular var ürəyimdə,
Təkcə sənsən diləyim də.
Bahar ötür küləyimdə,
Qış üstümə gələ-gələ.

Əllərimdən tut ucalaq,
Bir yaşayaq, bir qocalaq.
Həsrət odundan bac alaq,
Qoyma yanım dönüm külə.

 

RUHUMUZA RUH VERİR.

Durna gözlü bulaqlar,
Gül- çiçəkli yaylaqlar,
Azad olan torpaqlar,
Ruhumuza ruh verir.

Yurdun qışı, baharı,
Xarı bülbül nübarı.
Dəlidağın vüqarı,
Ruhumuza ruh verir.

Xan əminin sədası,
Gözəllərin ədası.
Qarabağın havası,
Ruhumuza ruh verir.

Sığal çəkir yaz mehi,
Xumarlanır gül şehi.
Bülbüllərin cəh-cəhi,
Ruhumuza ruh verir.

Xalqımızın inamı,
Gələcəyə gümanı.
Şuşanın çən-dumanı,
Ruhumuza ruh verir.

Nizami Qərib – Pressaz.az