Gültəkin İlkay: “Sevgim Allah rəngdədir”
“Sevgim Allah rəngdədir”
Asif Cəfərli! Yazıçı! Şair! Dramaturq! Həm də jurnalist! “Novator” qəzetindən tanıyırdım Asif Cəfərlini. Həmkar idik. Mən də “Xocavənd” qəzetinin baş redaktoru idim. Onu eyni zamanda Beyləqan ziyalısı kimi, tarixi əsərlərin müəllifitək tanımaq şansı qazanmışdım. Asif müəllim mənim xatirələrimdə nikbin, çılğın, səsli-küylü, o cümlədən, vətənini ürəkdən sevən, onun tarixini dərindən bilən, torpaq təəssübü çəkən ziyalı bir insan kimi qalıb, qalacaq da həmişə.
Asif Cəfərli yaradıcılığa gəldiyi ilk gündən ədəbi ictimaiyyətin diqqət mərkəzində olub. Onun qələmindən süzülən bütün əsərlərində həyat həqiqətdə olduğu kimidir, bəlkə də, daha həyatidir. Asif müəllimin əsərlərində milli oyanış, Vətən eşqi, millət sevgisi, torpaq yarası, ayrılıq dərdi, Araz həsrəti o qədər qabarıqdır ki, oxucu uzun müddət onun təsirindən ayrıla bilmir.
“Azərbaycan”, “Arazım”, “Bil, yox olur Vətən də!” tipli neçə-neçə şeirləri, “İki gözüm, Azərbaycan”, “Zaman və ləyaqət”, “Günün şəklini çəkirəm” kimi poemaları, dram əsərləri, tarixi romanları Asif Cəfərlinin bitib-tükənməz Vətən duyğularının əks-sədası, Asif ilhamının tərənnümü, gerçəyidir. O, xoşbəxt yazar idi. Çünki tanınırdı, oxunurdu, insanı düşündürməyi bacarırdı. Sevgi dolu bir insan idi. Ən böyük sevgisi, ən böyük eşqi də Vətəninə – Azərbaycanına olan sevgisi, eşqi idi, elinə- obasına, doğulduğu Beyləqana olan sonsuz bağlılığı idi.
Mən Asif Cəfərlinin vətən ünvanlı, Azərbaycan nidalı son günlərdə oxuduğum şeirlərindən qısaca da olsa, söz açmaq istəyirəm.
“Yanan közüm”, “sevgi sözüm”, “iki gözüm” adlandırdığı, dəli kimi vurulduğu Azərbaycanın hər dərdini özününküləşdirmişdi Asif müəllim.
Heç ürək də bölünərmi iki yerə,
Bir sinədə ola-ola Azərbaycan?! – deyərək yanırdı daim, qovrulurdu həmişə.
Bir ürəyin arasında dağ oldun.
Hiddətindən öz-özünə boğuldun… – deyib elə qan ağlayan Xan Arazda da boğulurdu üsyankar şair.
Bu xalqı sakitcə ikiyə böldün,
Guya xəcalətdən yüz kərə öldün… – deyən Asif Cəfərli Nəsimitək təpədən- dırnağa soyulurdu elə-hey.
Dağlar ilhamını çaydan alırsa,
Ulduzlar sevgini aydan alırsa,
Uçan ox ilhamın yaydan alırsa… – hayqıran şair Vətəndən, onun gözəlliyindən doymazdı, doymayacaqdı, bir an olsun doymurdu da. Hər misrasından Vətən ətri duyulurdu eləcə.
Asif Cəfərli üçün ana dili də çox önəmli idi.
Mənim öz dilim var, öz adətim var,
Başqa dildə gülmək nəyimə gərək? – sualının cavabı onun ürəyinin səsi idi. “Ananın dilindən gülmək gözəldi”- deyib öz sualına öz cavabını da verərdi sinəsi seltək, ümmanlar kimi aşıb-daşan söz ustamız.
O “qocalmışam” da deyirdi bəzən.
Qarabağ bir gözüm, Təbriz bir gözüm,
Ərdəbil şah evim, Gəncə xoş gözüm…
Dərdləri çəkməkdən qocalmışam mən,
Dərdlərdən dağ boyda ucalmışam mən.
Yaxşı ki, Qarabağ uğrundakı savaşımızı bildi Asif müəllim. Zəfərimizi bildi, dəmir yumruq birliyimizi bildi. Şair sevinc dolu, qürur dolu ürəyi ilə belə deyirdi.
Bu dağ Azərbaycandı,
Bu bağ Azərbaycandı,
“Qarabağ Azərbaycandır!”
Günün şəklini çəkirəm.
Mən inanıram ki, dünya durduqca Mücirəddin yurdunun sözlü-söhbətli oğlu unudulmayacaq, onun əsərləri masalarımızın, rəflərimizin bəzəyi, könüllərimizin qonağı olacaq.
Düşünmə ki, sevgi yerdə,
Sevgi göydə, əngindədir.
Sevgi göydə pərdə-pərdə,
Sevgim Allah rəngindədir –
deyən şair Allah sənə rəhmət etsin!
Gültəkin İlkay (Ağayeva)
Xocavənd rayonu Salakətin kənd tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, əməkdar müəllim
Pressaz.az