Elvin Talışınski: “Matəm simvolu olan Qərənfilə zəfər simvolu olan Xarıbülbül qoşuldu”…
31 il əvvəl yaşanan və qanlı yanvar xalqımızın yaddaşlarında silinməz iz qoyan faciə, Azərbaycan tarixinin ən unudulmaz səhifələrindəndir. Müstəqilliyimizin, düşüncə azadlığımızın, əsarətdən qurtuluşumuzun təməl daşlarının atıldığı o qanlı gecədə canlarını xalqının gələcəyi üçün fəda edən şəhidlərimizi rəhmətlə anır və unutmuruq. Onlar, dininə, mənəvi dəyərlərinə, tarixi ənənələrinə sadiqliyi ilə seçilən Azərbaycan xalqının qəlbində daima yaşayacaqlar. Hər il tariximizin unudulmaması üçün yetişməkdə olan nəslimiz 1990-cı illərdə yaşanan hadisələr, erməni vəhşiliyi haqqında məlumatlandırılır, Şəhidlər xiyabanı ziyarət edilir. Bu hər birimizin vətəndaş kimi mənəvi borcumuzdur. Azərbaycan xalqına uzun həsrətli illərindən sonra qələbə sevinci yaşadan Qarabağ savaşının iştirakçıları məhz 20 yanvar şəhidlərindən ilham alaraq, bir mənada həm də onların qisasını aldılar. Matəm simvolu olan Qərənfilə zəfər simvolu olan Xarıbülbül qoşuldu. Azərbaycan xalqı düz 31 il bundan əvvəl də olduğu kimi, bu gün də və hər zaman Vətəninin keşiyində olduğunu bütün dünyaya sübut etdi.
Elvin Talışınski
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru,
“Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması
ictimai birliyinin sədri, Bakı İslam Universitetinin kafedra müdiri