Şair Müşviq Rafaeloğlu:” Şərəflə tarixi yazan da gedir” – VİDEO

 

   Şair Müşviq Rafaeloğlunun atası gözəl şair, peşəkar müəllim, şərəfli ömür yolu keçən Rəfael Bayramov vəfat edib. Allah rəhmət etsin.

Məkanı cənnət olsun! AMİN

  

              Gəlirəm.

Ay ata, geniş aç indi əlini,
Ruhun sevinirmi, sənə gəlirəm.
Sındırıb vüsalın həsrət telini,
Hicran əzabına sinə gəlirəm.

Hisslərim bürünüb qara köynəyə,
Göz yaşın nəmi də hopub eynəyə.
Ruhunla sevinci, qəmi bölməyə,
Aciz bir bülbül tək dənə gəlirəm.

Göz oxşamır naxış bəzək-butasız,
Yaşamaq çətindir mənən qidasız.
Kövrəlmiş vicudum solur atasız,
Baş qatıb ruhuma tənə gəlirəm.

İsindim, ay ata, hər an közünə,
Yaramın məlhəmi olan sözünə.
Həsrət qalıb indi gözüm-gözünə,
Kədərə yüklənib sənə gəlirəm .

 

Böləmmirəm kədərimi…

İstəyirəm leysan yağa,
Yuya qəmli dərd-sərimi.
Guruldaya, şimşək çaxa,
Silkələyə qədərimi.!

Ata adlı dərd belimdə,
Ağ saçımda, hər telimdə.
Boğuluram öz selimdə,
Böləmmirəm kədərimi.!

Ağlar qələm, ağlar yazım,
Sarı simdə qara sazım.
Ağı deyir xoş avazım,
Ruhu silə qəhərimi.!

Müşviq, fələk etməz vəfa,
Sızlar qəlbin, çəkər cəfa.
Yetimliyə yoxtdur şəfa,
Ümidləmə səhərimi.!

 

                     GEDİR

Həyatda ömürlük kimdir ki qalan,
Ordan yaxşılar da , yaman da gedir.
Tüfeyli bir həyat sürüb, yaşayan,
Şərəflə tarixi yazan da gedir.

Var-dövlət hərisi olan birində,
Haramın ləzzəti qalar dilində.
Ömrünü xalqına həsr eyləyən də,
Xalqın sərvətini talan da gedir.

Kiminə atası başının tacı,
Yoxluğu illərlə çəkdirər acı.
Anamdır deyən də dərdin əlacı,
Qocalar evinə atan da gedir.

Qadın var ərəndir, külüng belində,
Qadın var yaşayır çirkab içində.
Hörmətin qazanan bütün elin də,
Namusun qəpiyə satan da gedir.

Sirlərlə doludur ulu kainat,
Qələmi, ay şair, bir qırağa at.
Dərdlərlə inləmə, bir az sevinc qat,
Qalmayır dünyada ozan da gedir,
Onsuzda dünyadan ozan da gedir.

 

         GƏLMİŞƏM 

Gəlmişəm sən yatan torpağı öpüm,
Nəfəsim isitsin qəbrini bir az.
Soyuq qış axşamı yaxladı ölüm,
Yoxsa üşütdümü səni bu ayaz.?

Hər dağ yamacında bir izin vardı,
Laləli bu düzlər bax sənsiz qaldı.
Nərgizdən halını sordum saraldı,
Bitəcik söylədi qəbrində bu yaz.

Deyirdin dəfnimdə qoy aşıq çalsın,
Hər sarı pərdədə ruhumu ansın.
Dostlarım şeirlə qoy yola salsın,
Gah kaman ağlasın, gah da qara saz .!

Yetişə bilmədik son xitabına,
De necə dözəcik bu əzabına.
Baxsana qızının cılız tabına,
Gözündə qalmayıb nə işvə, nə naz.!

 

 

Pressaz.az