Yazıçı-dramaturq Aygün Həsənoğlu: “MÜHARİBƏNİN PSİXOLOJİ İZİ BUDUR”… FOTO

 Yazıçı-dramaturq Aygün Həsənoğlu öz facebook səhifəsində paylaşım edib:

“Bütün müharbələrə lənət” kitabım terror və müharibələrin insan həyatına və psixologiyasına vurduğu zərbələri əks etdirir.
Bütün müharibələrin bir sonu vardır, amma onların izi əbədi qalır. Bir az əvvəl birlikdə deyib-güldüyün, birlikdə addımladığın yoldaşın gözünün önündəcə mərmidən və ya minadan parça-parça olur və sən onu xilas edə bilmirsən. Düşməni məğlub etmək üçün döyüşürsən, ona güllə atırsan, amma ilk dəfə onunla göz-gözə gəlib öldürdüyün anda o gözləri heç vaxt unutmursan. Yanından keçdiyin meyitlər də şüuraltına həkk olub qalır. Şiddətli partlayışlar qulaqlarından və yaddaşından bir anda silinib getmir… Qan… o insan qanı…
Geri dönürsən və bir andanca tamam başqa bir mühit. Başa düşə bilmirsən ki, orada yoldaşların, gənclər parça-parça olmuşdu, burad ainsanlar necə normal həyatlarına davam edirlər… Başa düşmürsən kİ, eşitdiyin hər tıqqıltı, hər gurultu güllə səsi deyil… üstünə zarafatla bir kağız parçası atsalar da, sən onu güllə bilib başını geri çəkirsən… Stəkandakı çay sənə insan qanını xatırladır. Hələ ac qaldığın anlar… əsir düşməkdən qorxduğun anlar… hər an qulağının yanından keçən ölümün səsi…
Bütün bunlar həm gerçəkdə, həm yuxularda səni təqib edir. Ani bir səsdən dik atılırsan, döyüş başladı deyə…
Bir tərəfdən də orada-döyüş meydanında yoldaşların parça-parça olub, amma burada insanlar normal həyatlarına davam edirlər… – tərs durmuş dünya….

MÜHARİBƏNİN PSİXOLOJİ İZİ BUDUR”…

Pressaz.az -ın məlumatına görə Türkiyədəki “Azərbaycan Təhsil və Mədəniyyət Dərnəyinin” rəhbəri, yazıçı-dramaturq Aygün Həsənoğlu bir neçə gün öncə Azərbaycan Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən “Diaspor fəaliyyətində xidmətə görə” medalına layiq görülüb. 
Aygün Həsənoğlu 27 sentyabr 1967-ci ildə Azərbaycan Respublikasının Qəbələ rayonunda anadan olmuşdur. Burada 2 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. 1989-1996-cı illərdə Qəbələ 2 saylı orta məktəbdə müəllim, 1996-2002-ci illərdə Dövlət Gənc Tamaşaçılar Teatrında ədəbi-dram hissə müdiri, 2002-2007-ci illərdə Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında referent (2004-cü ildən böyük referent) işləmişdir. 2007-ci ilin dekabrında yaradıcılıqla məşğul olmaq üçün öz ərizəsi ilə işdən ayrılmışdır. 2009-cu ildə “Elmi Araşdırmalar” İctimai Birliyini qurmuş, “Ermənistan, əsir-girovları geri qaytar” təbliğat kampaniyasına başlamışdır. 2012-ci ildə Türkiyəyə yerləşmişdir. Hazırda Türkiyədə yaşayır.
Aygün Həsənoğlunun ilk qələm təcrübələri 1988-ci ildə “Qəbələ” rayon qəzetində dərc olunmuşdur. Sonralar ədəbi fəaliiyətini uğurla davam etdirən müəllif daha çox nəsr və dramaturgiya ilə məşğul olmuşdur. 20 yanvar qırğınını əks etdirən “Vətənə oğul gərəkdir” adlı pyesi 1994-cü ilin fevralında Goranboy teatr-studiyasında, “Mağara” pyesi 2004-cü ilin iyul ayında Dövlət Gənc Tamaşaçılar Teatrında səhnələşdirilmişdir. Ümumiyyətlə 8 pyesi Azərbaycan özəl və dövlət teatrlarında səhnəyə qoyulmuşdur. 9 kitabı nəşr edilmişdir.

Pressaz.az