Həkim-şair Solmaz Qəribel – Yeni Şeirlər – VİDEO
GÖZLƏ MƏNİ, GƏLƏCƏYƏM, AZƏRBAYCAN DAĞLARI
Gözlə məni gələcəyəm a dağlar,
Bir dəstə tut, gülxətmidən xəstənə.
Həzin-həzin bayatı de ağlayım,
Yanır könlüm həsrət qalıb bəstənə.
Həsrət dolu, giley dolu könlümü,
Asta -asta açacağam sinəndə,
Sevincimdən parçalansa ürəyim,
Ürəyimi bərk qucaqla sinənlə.
Ayrılıqlar sona yetsin bu yerdə,,
Bir daş qoyub baş altına yatım mən.
Əzab dolu gözlərimin yükünü.
Sənə baxıb, elə səndə atım mən….
BAXIŞLARIN SOYUQDU..
Nədən, belə baxışların soyuqdu,
Mənim kimi ürəyinə qar yağır?
Bu ömürün qış qoxuyur payızı,
Gecə-gündüz ürəyinə qar yağır.
Nədən, belə baxışların soyuqdu,
Elə baxma ürəyimi buz kəsir.
Yalan ömrə bel bağlama əzizim,
Bu dünyanın, yalanını “düz “kəsir.
Nədən belə baxışların soyuqdur,
Soyuq ruzgar bələnibdir könlünə?
Xəyalların səni səndən qoparıb,
Həsrət qarı ələnibdir könlünə….
Nədən belə baxışların soyuqdu?…
YOL GEDİRƏM
Həsrət şələsini alıb çiynimə,
Yenə yol gedirəm xəyallarımda.
Nə yolum tükənir, nə səbrim bitir,
Uçuram arzumun qanadlarında.
Bu yolun dolamın, yoxuşun aşıb,
Hərdən dizlərimə döz də deyirəm.
Yorğun baxışlarla süzüb özümü,
Özümə təsəlli söz də deyirəm,
Bax belə yollarım bitmir, tükənmir,
Gileyim gileysiz üzümə baxır.
Yorğun ayaqlarım dilsiz – ağızsız,
Hərdən səyriyəndə gözümə baxır..
Solmaz Qəribel – Pressaz.az