Hüquqşünas-şair Ədalət Əroğlu: “QARABAĞA GEDİRƏM”…
QARABAĞA GEDİRƏM
Əmr verdi Ali Baş Komandanım,
Azad etdi torpağımı, Ordumuz,
Əsirlikdən azad oldu Yurdumuz.
Gerçək oldu amalımız, arzumuz,
Qarabağa, doğma Yurda gedirəm!
Təbrik edin, siz də məni, a dostlar,
Gözləyir yolumu, o qərib yurdlar,
Məndən kəndim Hovusluya Salamlar,
Ziyarətə, Ocağına, Salam var,
Qarabağa, doğma Yurda gedirəm!
Yol gözləyir Qozlu dağı, bulağı,
Qala dağı, ətəyində Xan bağı,
And yerimiz,Hacı Qaraman Ocağı,
Düşmənlər dağıdıb, o cənnət bağı,
Qarabağa, doğma Yurda gedirəm.
Elim, Obam sevinməsin, neyləsin?
Qəm kədəri, üz-gözündən silməsin?
Sevincini bir-biriyləbölməsin?
Bütöv xalqım gur səsiylə söyləsin:
Qarabağa, doğma Yurda gedirəm.
Əroğluyam yurd eşqiylə yanıram,
Şəhidləri ehtiramla anıram,
Mən özümü ən bəxtəvər sanıram,
Bu gün Cəbrayıla ünvanlanıram.
Qarabağa, doğma Yurda gedirəm.
QURBAN DEMİŞƏM
Qurbanlıq demişəm, gör, neçə vaxtdır?
Həsrətəm Ocağa, sir yurdlarıma.
Gəlirəm, ay Babam, qarşıla məni,
Qaraman Ocağı, Pir yurdlarıma.
Üzün gülsün ellər, Qələbə çaldıq,
İşğaldan yurdları, gör necə aldıq?
Bir daha yetişdik, ərşə uçaldıq,
Qaraman Ocağı, Pir yurdlarıma.
Acılı günlərim getsin gəlməsin,
Daşnaklar bir daha özün öyməsin.
Düşmənin ayağı bir də dəyməsin,
Qaraman Ocağı, Pir yurdlarıma.
Həsrət idim doğma yurda, bacaya,
Sənsiz dözəmmirdim, kədər, acıya.
Üçrəngli bayrağım gərək sancıla,
Qaraman Ocağı, Pir yurdlarıma.
Əroğlu, yağılar özün öyməsin,
Qara yellər qapımızı döyməsin.
Torpağıma yad ayağı dəyməsin,
Qaraman Ocağı, Pir yurdlarıma.
Ədalət Əroğlu – Pressaz.az