Nizami Qərib: “YURDUMUZ” – VİDEO
YURDUMUZ
İllərdi gör nələr çəkdi başımız,
Küsdü torpağımız, küsdü daşımız.
Səsləyir bizləri Laçın, Şuşamız,
Vətən harayına, qalxdı ordumuz,
Qələbə havası duyur yurdumuz..
Türkün Türkdən başqa dostu yalandı,
Söz verib sözünü geri alandı.
Fizuli, Cəbrayıl azad olundu,
Sevindi doğmamız, sındı yadımız,
Qələbə havası duyur yurdumuz..
Qarabağ cənnətdir, etsəniz nəzər,
Şehli çəmənimdə bülbüllər gəzər.
Üç rəng bayrağımı ay-ulduz bəzər,
Türkdür soy kökümüz, Oğuz adımız,
Qələbə havası duyur yurdumuz.
Biz şəhid oluruq, candan qorxmuruq,
Qılıncdan qorxmuruq, qından qorxmuruq,
Qan görsək coşuruq, qandan qorxmuruq,
Vətən anamızdı, torpaq andımız,
Qələbə havası duyur yurdumuz.
Uymadıq heç zaman yalan xülyaya,
Heç vaxt əl atmadıq məkr-riyaya.
Komandan səsləndi bütün dünyaya,
Daha oyanıbdır yatan qurdumuz,
Qələbə havası duyur yurdumuz.
ŞƏHİDLƏR
Vətənin adını uca tutdunuz,
Tarix adınızı silməz, Şəhidlər.
Elə bir məqama gedib çatdınız,
Qürurlu, yenilməz, ölməz, Şəhidlər.
Bayrağa qatıbdır qanınız rəngi,
Şikəstə bəs edər, çaldırın cəngi.
Bir əlində Quran, birində süngü,
Qorxunu tanımaz, bilməz, Şəhidlər.
Xalqın qan yaddaşı, tarixi sizsiz,
Günəşdən süzülən, işığı sizsiz.
Yaşlısı cavanı, uşağı sizsiz,
Azadlıq yolundan dönməz, Şəhidlər.
Torpaqlar uğrunda, bir tarix yazdız,
Qan ilə yollara, dür tarix yazdız,
Ocaq tarix yazdız, pir tarix yazdız,
Məşəli əbədi sönməz, Şəhidlər.
Halaldır südünüz, pakdır zatınız,
Yeddinci qatdadır, sizin qatınız.
Nə qədər yaşayır şəhid adınız,
Düşmənin ürəyi gülməz, Şəhidlər.
Nizami Qərib – Pressaz.az