Həkim-şair Solmaz Qəribel – Yeni şeirlər – VİDEO

           QƏHƏR BOĞUB SƏHƏRİ..

Artıq səhərin üzü səhərə bənzəmir ki,
Səhərin səhərinə zəhər qatılıb tamam.
Şəhər itirib özün, şəhərə bənzəmir ki,
Şəhərin səhərinə qəhər qatılıb tamam.

Səhər oyanan qulun səhərdən xəbəri yox,
Qəmlə baxır şəhərə, şəhərdən xəbəri yox.
Görən, bu məmləkətin qəhərdən xəbəri yox?
Qəhər boğub şəhəri, qəhərə qatıb tamam…

Səhər doğan günəşin üzü asılı qalıb,
Doğru danışan dilin sözü asılı qalıb.
Haqq-ədalət gəzənin özü aslı qalıb,
Qəhər boğub təhəri, zəhərə qatıb tamam…

 

BU DÜNYA YAMAN DARALIB..

Bu dünya yaman daralıb,
Ürəyim içinə sığmır.
Çölümdə gen olan dünya,
İçimdən içimə sığmır.

Bu dünya yaman daralıb,
Yox qapısı açıb, baxım.
Bu üzü çirkab qoxuyur
O, üzünə qaçıb baxım.

Bu dünya yaman daralıb,
Ay üzünə ləkə salıb.
Çəkib yaxasın kənara,
Yaxamı çək-çəkə salıb…
Bu dünya yaman daralıb…

 

        KƏNARDA SAXLA

Həyat, bir az sərt üzünü,
Üzümdən kənarda saxla .
Yaltağın namərd üzünü,
Gözümdən kənarda saxla

Qatma, məni öz oynuna,
Gözdən düşmüş, söz oynuna.
Alıb məni köz qoynuna,
Közündən kənarda saxla.

Bir vətənsiz quşam zalım,
Nadanlara tuşam zalım,
Qoyma coşub,daşam zalım,
Özümdən kənarda saxla…

Pressaz.az