Azərbaycanda koronavirusla mübarizədə müsbət nəticələr əldə edilib – VİDEO

Dövlətin həyata keçirdiyi qabaqlayıcı tədbirlər və insanların qoyulan qaydalara əməl etmələri sayəsində ölkəmizdə koronavirus infeksiyasına qarşı mübarizədə müsbət nəticələr əldə edilir.

Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bunu millət vəkili Rəşad Mahmudov deyib.

Onun sözlərinə görə, aparılan araşdırmalar belə deməyə əsas verir ki, hazırda Azərbaycan yoluxanların və vəfat edən şəxslərin sayına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır.

Millət vəkili deyib ki, Azərbaycanda infeksiyasının yayıldığı ilk günlərdən vəziyyət nəzarətə götürüldü və genişmiqyaslı tədbirlər həyata keçirildi. Sağlam insanların təhlükəsizliyinin təmin edilməsi, eləcə də koronavirus xəstələrinin müalicəsi üçün bütün lazımi işlər görüldü.

Rəşad Mahmudov hesab edir ki, qarşıda duran mühüm vəzifələrdən biri əldə olunmuş uğurların qorunub-saxlanması və müsbət tendensiyanın davam etdirilməsidir. Onun sözlərinə görə, qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış mövsümü gəldiyi üçün vətəndaşlar verilən tövsiyələrə ciddi əməl etməlidirlər.

Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində məhdudiyyətləri yenidən bərpa etməyə məcbur olublar.

Rəşad Mahmudov hesab edir ki, yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlar COVID-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalıdır.

Pressaz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: