Elman İsrafiloğlu – Yeni Şeirlər – FOTO

   ANA VƏTƏN

Vətən, şöhrət-şanına,
Nəğmə qoşdum adına.
Dağına, aranına,
Qurbanam, ana Vətən!

Yurdum, xoş sorağına,
Heyranam vüqarına.
Hər qarış torpağına,
Qurbanam, ana Vətən!

Gülünə, çiçəyinə,
Nurlu gələcəyinə,
Qırılmaz birliyinə,
Qurbanam, ana Vətən!

Səs salıbsan cahana,
Qoca Şərqə,Turana.
İşıqlı sabahına,
Qurbanam, ana Vətən!

Bu sülhsevən xalqıma,
İnsansevən yurduma,
Rəşadətli orduma,
Qurbanam, ana Vətən!

VƏTƏNİ QORUYAN ƏR ƏSGƏRLƏRDİR

Qəhrəman oğullar qol-qola durur,
Dəqiq zərbələrlə hədəfi vurur.
Qorunursa Vətən, o Vətən olur,
Vətəni qoruyan ər igidlərdir,
Yenilməz döyüşçü, mərd əsgərlərdir!

Doğmadır Vətənin hər bir qarışı,
Döyüşdə ordumun haqdır savaşı.
Düşmənə yağdırdı mərmi yağışı
Vətəni qoruyan ər igidlərdir,
Yenilməz döyüşçü, mərd əsgərlərdir!

Sizsiniz yurdumun ər, igidləri,
Sizinlə görəcik qələbələri.
Gülüb, sevinəcək yurdun elləri,
Vətəni qoruyan ər igidlərdir,
Yenilməz döyüşçü, mərd əsgərlərdir!

Hünər göstərdiniz,döyüşlərdə siz,
Bizə ümid verir hər qələbəniz.
Artır günü-gündən şan-şöhrətiniz
Vətəni qoruyan ər igidlərdir,
Yenilməz döyüşçü, mərd əsgərlərdir!

Doğma Qarabağın üzü güləcək,
Torpaq sevinəcək, el sevinəcək.
Zəfər mahnısıyla elə dönəcək,
Vətəni qoruyan ər igidlərdir,
Yenilməz döyüşçü, mərd əsgərlərdir!

Qoymaz yaralansın Vətən torpağı,
Qoymaz əsir qala gül Qarabağı.
Əcəlin yetişib sənin, ay yağı,
Vətəni qoruyan ər igidlərdir,
Yenilməz döyüşçü, mərd əsgərlərdir!

Vətəni qoruyan, ərlər gərəkdir,
Vətənə yenilməz əsgər gərəkdir!
Vətənə orduyla zəfər gərəkdir
Vətəni qoruyan ər igidlərdir,
Yenilməz döyüşçü, mərd əsgərlərdir!

BAYRAĞIM

Dalğalan, ay bayrağım,
Dalğalan zirvələrdə!
Bir ucalıq rəmzisən,
Açılan al səhərdə.
Qədim ulu bayrağım,
Ay-ulduzlu bayrağım!

Sənlə qürur duyuruq,
Yüksəlib zaman-zaman.
Səninlə fəxr edirik,
Hər an yüksəkdə dayan,
Qədim ulu bayrağım,
Ay-ulduzlu bayrağım!

Müqəddəssən əzəldən,
Bu odlar diyarımda.
Enilməzlik, igidlik,
Yaradıbsan qanımda,
Qədim ulu bayrağım,
Ay-ulduzlu bayrağım!

Yurdumu alnı açıq,
Gəzirəm qarış-qarış.
Sən yurduma yaraşıq,
Alqış sənə, min alqış!
Qədim ulu bayrağım,
Ay-ulduzlu bayrağım!

Azərbaycan Vətənim,
Bayrağım-qürurumuz!
İlhamla Qarabağda,
Zəfər çalar ordumuz.
Qədim ulu bayrağım,
Ay-ulduzlu bayrağım!

QARABAĞ SƏSLƏYİR, GÖZLƏYİR BİZİ

Axır ki, bizim də üzümüz güldü,
Ordumuz qəlblərdən kədəri sildi.
El-oba sevincin paylaşıb böldü,
Sevinci bəxş etdi bizə ordumuz,
Zəfər sevincini daddı yurdumuz!

Qarabağ səsləyir, gözləyir bizi,
Ucaldaq dünyaya haqq səsimizi.
Fərəhlə qeyd edək qələbəmizi,
Sevinci bəxş etdi bizə ordumuz,
Zəfər sevincini daddı yurdumuz!

Göstərdi şücaət dağda, daşında,
Enilməz ordumuz haqq savaşında.
Vətən torpağının hər qarışında
Sevinci bəxş etdi bizə ordumuz,
Zəfər sevincini daddı yurdumuz!

Hər əsgər bir nizə oldu düşmənə,
Saldı düşmənləri pərən-pərənə.
Çox sağ ol deyirik, hər bir ərənə,
Sevinci bəxş etdi bizə ordumuz,
Zəfər sevincini daddı yurdumuz!

Vətən torpağını qoruyan əsgər,
Sizi ana kimi qorusun səngər.
Bu səhər cəbhədən gəldi xoş xəbər,
Sevinci bəxş etdi bizə ordumuz,
Zəfər sevincini daddı yurdumuz!

VƏTƏN SƏRHƏDDİNİ QORUYAR ƏSGƏR

İgidlər Vətənin, yurdun qoruyar,
Gecə də, gündüz də ayıq dayanar.
Vətənçün alışar, Vətənçün yanar,
Vətən sərhəddini qoruyan əsgər.

Arzusu dünyanı sülhə aparar,
Dənizdən, yerlərdən, səmaya qalxar.
Vətən sərhəddini müqəddəs sanar,
Vətən sərhəddini qoruyan əsgər.

Ruzigar hər səhər nəğmə oxuyar,
Sərhədçi qəlbini oxşayar, duyar.
Sərhəddə Vətənin ətrin qoxuyar,
Vətən sərhəddini qoruyan əsgər.

Vətənə bir sərhəd köynəyi tikər,
Önündə düşmənlər əyilər, çökər.
Vətənin, bayrağın keşiyin çəkər,
Vətən sərhəddini qoruyan əsgər.

Tikanlı məftildir sərhəd köynəyi,
Qoymaz bir kimsəni ona dəyməyi.
Vətənlə döyünər hər an ürəyi,
Vətən sərhəddini qoruyan əsgər.

Sərhəd dirəyi tək bərk-bərk dayanar,
Polad əlləriylə yurdu qucaqlar.
Yurda işıq salar əsgər çıraqlar,
Vətən sərhəddini qoruyan əsgər.

Sübhün gözlərini sərhəddə açar,
Üşütməz qəlbini nə şaxta, nə qar.
Elin sevgisini sərhəddə tapar,
Vətən sərhəddini qoruyan əsgər.

            VƏTƏN

Gəzdim səni qarış-qarış,
Növrağına olsun alqış!
Hər tərəfdə çiçək gördüm,
Səni sevən ürək gördüm.
Sevincinə qoşuldum mən,
Güldü dünya, güldü çəmən.
Uzaq ol, dərd, qəmdən Vətən,
Doymayıram, səndən Vətən!

Odlar yurdum, Azərbaycan,
Qurban olsun sənə, bu can!
Vüqarına heyranam mən,
Sənin üçün yananam mən.
Qucağında boy atıram,
Arzularıma çatıram.
Uzaq ol, dərd, qəmdən Vətən,
Doymayıram, səndən Vətən!

Gündən-günə artır şanın,
Dünyaya yayılır adın.
Fəxr edirik səninlə biz,
Sənlə döyünür qəlbimiz.
Dalğalanır mavi Xəzər,
Sahilində ellər gəzər.
Uzaq ol, dərd, qəmdən Vətən,
Doymayıram, səndən Vətən!

Bir qəm sənin, bir qəm mənim,
Düşmənlərə olaq qənim!
Bir gün gələr sevinərik,
Vətən, sənlə bir gülərik.
Olacaqdır qələbəmiz.
Oxunar zəfər nəğməmiz,
Uzaq ol, dərd, qəmdən Vətən,
Doymayıram, səndən Vətən!

Keçdim bir gün Qarabağdan,
Naxçıvandan, Lənkərandan.
Şirvan, Muğan ellərindən,
Dərdim Aran güllərindən.
Çələng hördüm özün boyda,
Səni gördüm özün boyda.
Uzaq ol, dərd, qəmdən Vətən,
Doymayıram, səndən Vətən!

 

O, YURD MƏNİM YURDUMDUR

Düşmən üstünü alıb,
Zəngi çayı səs salıb,
Qəmərlim tənha qalıb.
O, yurd mənim yurdumdur.

Qaraqoyunli eli,
Gözəldir hər bir gülü.
Səsləyir Göyçə gölü,
O, yurd mənim, yurdumdur.

Olmur daha qonaqlı,
Yurdumun yolu bağlı.,
Qalıbdır sinə dağlı.
O, yurd mənim yurdumdur.

Tarixim qədim, ulu,
Ata -baba qoxulu.
Yandım, ay Oxçuoğlu,
O, yurd mənim yurdumdur.

Dərdli, qəmli görünən,
Çırağı, nuru sönən.
İndi nağıla dönən,
O, yurd mənim yurdumdur.

Tənha qalıb inləyən,
Bizdən ümid gözləyən,
Sakinlərin səsləyən,
O, yurd mənim yurdumdur.

Ağbaba, Vedi, Qafan,
Qurbandır yurda bu can.
O,Qərbi Azərbaycan,
O, yurd mənim, yurdumdur.

 

 

Pressaz.az