Aşura günündə Mərkəzi Qan Bankının filiallarında qan vermək olar

Məhərrəm ayının 10-u Aşura günü vətəndaşlar məscidlərdə yox, Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında qan verə bilərlər.

Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu məqsədlə Milli Hematologiya və Transfuziologiya Mərkəzi vətəndaşlara müraciət edib.

Mərkəzi Qan Bankının rəhbəri Qumral Ələkbərovanın sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsi koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə ölkə ərazisindəki bütün məscid və ziyarətgahlarda ibadətlərin müvəqqəti dayandırılmasına dair qərar qəbul edib. Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurası və səlahiyyətli nümayəndələrinin Aşura günü ilə bağlı qərarında deyilir ki, vətəndaşlarımız bu il də humanist ənənəni davam etdirərək, Aşura günündə pandemiya səbəbindən məscidlərdə deyil, Mərkəzi Qan Bankının paytaxtda və bölgələrdəki filiallarında ehsan niyyəti ilə qan verəcəklər.

Qumral Ələkbərova bildirib ki, Mərkəzi Qan Bankında mütəmadi olaraq profilaktik dezinfeksiya və digər zəruri təhlükəsizlik tədbirləri görülür. Qanvermə aksiyalarında da bu məsələyə ciddi nəzarət olunacaq.

Qan vermək üçün Mərkəzi Qan Bankı və bölmələrinə gələcək vətəndaşlardan mövcud epidemioloji vəziyyəti nəzərə alaraq fərdi sağlamlıqlarının qorunması məqsədilə sosial məsafə qaydalarına riayət etmələri, qoruyucu tibbi maskalardan istifadə etmələri xahiş olunur.