Azərbaycan informasiya müharibəsindəki rolunu artıraraq qələbəyə nail ola bilər – Elvin Talışınski – FOTO
Azərbaycan informasiya müharibəsindəki rolunu artıraraq
qələbəyə nail ola bilər
Bu gün bütün dünyada saxta erməni təbliğatına qarşı mübarizədə Azərbaycan diplomatiyasının uğurları hər bir azərbaycanlını sevindirir. Son dövrün hadisələrinə nəzər salsaq, Azərbaycanın Ermənistanla və onun xarici diasporu ilə apardığı informasiya müharibəsindəki uğurları həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda müzakirə və təhlil mövzusuna çevrildiyini görərik.
Azərbaycan dövlətinin başçısı İlham Əliyevin də çıxışlarında qeyd etdiyi kimi, ölkəmiz illər boyu dünya erməni lobbisi tərəfindən bizə qarşı aparılan informasiya müharibəsi şəraitində yaşamışdır. Bu illər ərzində xüsusilə Rusiya, ABŞ və Qərbin informasiya məkanından sərbəst istifadə edən Ermənistan respublikamıza qarşı müharibədə fəallıq göstərərək qəzet və jurnallarda yalan, böhtan dolu yazılar, radio və televiziya kanallarında yayımlanan verilişlərdə gedən çağırışlar vasitəsilə özlərində məzlum imici formalaşdırmağa nail olmuşdular. Bununla yanaşı, Qərbdəki və ABŞ-dakı erməni diasporu və lobbisinin imkanlarından daha geniş istifadə edən Ermənistan tərəfi üstünlük əldə edərək dünya informasiya məkanından təcrid olunmuş Azərbaycanın erməni təcavüzü və terroru ilə qarşılaşmasına baxmayaraq, bu həqiqətləri vaxtında dünya birliyinə çatdırmasının qarşısını ala bilmişdi.
Lakin XX əsrin 90-cı illərinin əvvəllərində özünü dünya ictimaiyyətinə dinc xalq kimi, azərbaycanlıları (ümumiyyətlə, türkləri) isə təcavüzkar kimi təqdim edən və Avropada bu məqsədə çatan böhtan üzərində qurulmuş erməni informasiya təbliğatı, sonradan müstəqilliyimizin formalaşması illəri ərzində tədricən ifşa olunmağa başladı. Bu ilər ərzində xarici siyasətimizdə bir çox işlər görüldü. İnformasiya müharibəsinin vacib şərtlərindən biri də Azərbaycana uğur gətirən əsas beynəlxalq layihələrin informasiya məkanında geniş təbliğ edilməsi idi ki, bu məsələdə Heydər Əliyevin əhəmiyyətli rolu vardır. Təbii ki, eyni zamanda Azərbaycan Respublikasının beynəlxalq və regional təşkilatlarla fəal iştirakı və əməkdaşlığı da mühüm amillərdən biridir ki, onların çoxu artıq Ermənistanın təcavüzkar siyasət apardığını qəbul etmiş və erməni silahlı qüvvələrinin Azərbaycan torpaqlarından çıxarılması tələbi ilə çıxış etmişlər. Beynəlxalq təşkilatların Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamə və qərarları respublikamızın informasiya müharibəsi sahəsindəki uğurlarındandır.
Ümumilikdə Ermənistanla aparılan informasiya müharibəsindəki mövcud vəziyyəti 90-cı illərin əvvəllərindəki vəziyyətlə müqayisə etsək, ölkəmizin bu sahədə böyük uğurlar qazandığını görə bilərik. Əgər SSRİ-nin dağılması zamanı erməni tərəfi informasiya müharibəsində üstünlük əldə edərək Azərbaycana qarşı başlatdığı birbaşa müharibədə qalib gəlmişdisə, indi Azərbaycan tərəfi, ilk növbədə, dünya birliyini sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə Ermənistan-Azərbaycan münaqişəsinin hərbi yolla həll olunmasının qaçılmazlığına hazırlamaq üçün informasiya müharibəsini metodik olaraq artırmalıdır. Bu gün Azərbaycanın informasiya məkanındakı üstünlüyü aydın şəkildə ifadə olunur.
Ümumiyyətlə, informasiya müharibəsinə iki mənada tərif vermək olar. Birincisi, informasiya müharibəsi – müəyyən məlumatların yayılması yolu ilə başqa dövlətin mülki əhalisinə və (və ya) hərbi heyətinə təsirdir. İkincisi, informasiya müharibəsi – öz məlumatlarını, informasiya proseslərini və sistemlərini qorumaqla düşmənin informasiya, informasiya prosesləri və informasiya sistemlərinə zərər vurmaq, məlumat üstünlüyünə nail olmaq üçün görülən məqsədyönlü tədbirlər kompleksidir.
Qeyd etmək lazımdır ki, insanlar, cəmiyyətlər, ölkələr, millətlər arasındakı hər hansı bir münaqişə ilk növbədə informasiya sistemləri ilə bağlıdır. İnsanlara hər hansı bir qərar vermək üçün informasiyalar lazımdır. İnformasiya nəinki münaqişə dövründə optimal hərəkətlər etməyə imkan verir, həm də ən məqsədyönlü fəaliyyət və sistemlərə nəzarət etmək üçün şərait yaradır. İnformasiya uzun müddətdir ayrı bir silah kimi istifadə olunmağa çalışılan hücum və müdafiənin özünəməxsus bir “mənbəyidir”, lakin yalnız son zamanlarda informasiya müharibələrinin aparılması metodologiyası üçün istifadə edilə bilən nəzəriyyələr ortaya çıxmağa başlamışdır. Bu kontekstdə informasiya müharibəsinin genişlənməsi Azərbaycan Prezidentinin elan etdiyi hücum diplomatiyasının vacib elementinə çevrilməlidir.
Respublikamız haqqında həqiqətlərin dünya birliyinə çatdırılmasında isə əsas vəzifə heç şübhəsiz xaricdə yaşayan soydaşlarımız və formalaşmış Azərbaycan diasporunun üzərinə düşür. Bu gün əminliklə qeyd edə bilərik ki, müstəqil Azərbaycan dövlətinin xarici siyasəti nəticəsində bu istiqamətdə də xeyli işlər görülmüşdür. Dünyanın bir çox ölkələri və iri şəhərlərində fəaliyyət göstərən Azərbaycan diasporu erməni lobbisi və diasporu ilə informasiya müharibəsi aparır. Artıq bir çox yerlərdə əsrlər boyu formalaşmış erməni təbliğat maşınının uydurduğu yalanlar ifşa olunur. Bu Azərbaycan dövlətinin xarici siyasətinin uğurudur.
12 iyul tarixində Ermənistanın Tovuz istiqamətində törətdiyi növbəti təxribatdan sonra xaricdə yaşayan azərbaycanlıların nümayişə çıxaraq Azərbaycanın haqq səsinin beynəlxalq ictimaiyyətə çatdırılması, diaspora və lobbimizin yüksək şəkildə həmrəylik göstərməsi erməni lobbisini çıxılmaz vəziyyətə saldı. Ermənistanın sərhədimizdə törətdiyi son təxribatdan sonra dünyada yaşayan milyonlarla azərbaycanlı ayağa qalxaraq birləşdi. Bakıdan başlayan dəstək yürüşünə xaricdə yaşayan həmvətənlərimiz qoşularaq, dünyanın bir çox şəhərlərində icazəli və dinc irimiqyaslı aksiyalar keçirdilər. Azərbaycan diaspor təşkilatlarının yüksək ruhda durmadan keçirdiyi erməni təcavüzkarlığını, iç üzünü açan təbliğat xarakterli nümayişlər sayəsində Tovuz istiqamətindəki erməni təxribatı dünyaya çatdırıldı. Azərbaycanın bu mesajı ABŞ, Avropa, Rusiya və digər ölkələrdə eşidildi və hazırda da ciddi müzakirə mövzularından biridir. Məsələnin bu qədər ciddi olduğunu anlayan erməni millətçilərini və Ermənistandakı hakim klanı da narahat edən budur. Onlar Dağlıq Qarabağ münaqişəsi sayəsində uzun illərdir ki, xaricdə fəaliyyət göstərən lobbilərinin hesabına maliyyələşir və rahat yaşayırlar. Məhz bunun üçün də bu gün onlar “Azərbaycanın erməni xalqına qarşı təcavüzü” barədə yalanlar uydurmaqla məşğuldurlar.
Lakin Azərbaycan Ermənistan tərəfinə qarşı apardığı informasiya müharibəsini gücləndirməkdə davam etdirərək, bu sahədə əvvəlki nailiyyətlərini daha da gücləndirməlidir. Ən böyük təsir, dünya mediasının aparıcı orqanlarında, xüsusən də ənənəvi olaraq erməni tərəfinin “fəaliyyət sahəsi” hesab olunan Amerika, Avropa və Rusiyada Azərbaycanın mövqeyini əks etdirən məlumat və materialların vaxtaşırı yerləşdirilməsi ilə təmin edilə bilər. Azərbaycan mediasının və xaricdə yaşayan diasporumuzun əsas vəzifələrindən biri, sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə, Qarabağ münaqişəsinin hərbi-siyasi həllini həyata keçirmək üçün dövlətimizin apardığı kursa informasiya dəstəyi vermək olacaqdır.
Bu gün dünyada heç kimə sirr qalmayan və sübuta ehtiyacı olmayan bir məsələ var: Ermənistan Azərbaycan ərazilərini işğal etmişdir. Ermənistanın Azərbaycan ərazilərinin işğalında iştirakı ilə bağlı bir çox faktlar mövcuddur. Onlardan biri də Avropa İnsan Hüquqları Məhkəməsinin Böyük Palatasının 16 iyun 2015-ci ildə qəbul etdiyi qərardır. Avropa İnsan Hüquqları Məhkəməsinin qərarı hüquqi öhdəliyi əks etdirən bir sənəddir. Məhkəmə Ermənistanı yalançı dövlət olmaqla Azərbaycana qarşı təcavüzkar müharibə aparmasını təsdiq etmişdir. Bununla yanaşı dünyanın 193 ölkəsini özündə birləşdirən BMT-nin dörd qətnaməsi, AŞPA və ATƏT qərarlarını qeyd etmək lazımdır.
Nəzərə almalıyıq ki, ictimai rəyin daha effektiv idarə edilməsi üçün Ermənistan tərəfindən dezinformasiya (yalan məlumatlar) eyni vaxtda çap və elektron media, televiziya, internet vasitəsilə, həmçinin diaspora və lobbidən istifadə etməklə yayıla bilər. Buna görə də Azərbaycan kütləvi informasiya vasitələrinin nümayəndələri, xaricdə yaşayan hər bir soydaşımız, əcnəbi dil bilgisinə sahib politoloqlarımız istər xarici, istər daxili siyasətimizdə dezinformasiyaya yönəlmiş yalan məlumatları ifşa etməlidirlər. Çünki bu məlumatlar çox vaxt Ermənistan mediası vasitəsi ilə ölkəmizdə yayılır. Azərbaycan mediasının nümayəndələri, sosial şəbəkə istifadəçiləri bu məqamları nəzərə almalı, “Dövlət sirri haqqında” qanunu rəhbər tutaraq, mediaya ötürülən məlumatların Azərbaycanın milli maraqlarını qorumağa və beynəlxalq öhdəliklərini yerinə yetirməyə yönəldildiyini unutmamalıdırlar.
Düşünürəm ki, bu istiqamətdə təmkinli, ağıllı şəkildə, dövlət siyasətinə uyğun və mütləq milliliyimiz çərçivəsində mübarizə aparılmalıdır. Bütün dünya azərbaycanlılarının birlik nümayiş etdirərək yürüşlər keçirməsi çox mühüm amildir və ermənilərə böyük bir mesajdır. Bununla yanaşı, hər bir azərbaycanlı müxtəlif dillərdə demək olar ki, 24 saat sosial şəbəkələr, KİV-lər vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində öz səylərini göstərir.
Elvin Talışınski
Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru,
“Elin Səsi” milli-mənəvi dəyərlərimizin qorunması
ictimai birliyinin sədri, Bakı İslam Universitetinin kafedra müdiri