Rəfiqə Abbasova – Yeni şeirlər – FOTO
BAŞINI DİK TUT, VƏTƏN!
Bağım, bağçam saralıb,
Gündüzlərim qaralıb.
Səbrim yaman daralıb,
Başını dik tut, Vətən.
Özü vətən analar,
Ər doğubdu sonalar.
Qisas deyib yanarlar,
Başını dik tut, Vətən.
Oxum var öz yayında,
Türklərin cəm sayında,
Düşmən kəfən hayında,
Başını dik tut, Vətən.
Şəhidin iki gözüm,
Qırılan belim,dizim.
Pünhan ağlaram özüm,
Başını dik tut, Vətən.
İgid yolundan dönməz,
Yanan ocağın sönməz.
Ucalan bayraq enməz,
Başını dik tut, Vətən.
Ordum qanadım-qolum,
Qeyrətdir sağım,solum.
Qələbəyədir yolum,
Başını dik tut,Vətən.
Günəşli gündüzüm var,
Yenilməz,sərt üzüm var.
Mərd oğlun,mərd qızın var,
Başını dik tut, Vətən.
DASTAN YAZIB
Xatirələr, xəyallar,
Məni məndən almısız.
Yadımdakı xoş günlər,
Nə uzaqda qalmısız.
Gözüm şəklini çəkər,
Göyə xatirələrin.
Dodağımda öpüşər,
Xəyallar şirin-şirin.
Sinəmə dastan yazıb,
Ötüb keçən sənələr.
Yaxşıya yaman deyər,
Söz üyüdən çənələr.
Atılan atmacalar,
Qəlbimi dəlib keçib.
Ox atıb yay gizlədən,
Canımı səngər seçib.
Nəzərmi kəsib nədi,
Gödəldib xoş günümü.
Gözlərim sığallayır,
Tüstüləyən ünümü.
SEVİNCƏ GÜN AĞLAYIM
Kədər gözümdə gülür,
Sevincim solur bitmir.
Sel, su yuyur üzümü,
Qəmin ləkəsi itmir.
Batan günəşə bənzər,
Sevincimin gül üzü.
Kədəri sürüməkdən,
Qançırdı bəxtin dizi.
Yaman acığım gəlir,
Həsrətin bəd üzündən.
Sevincə qənşər gələn,
Kədər, utan özündən.
Sevgin cavabsız qalar,
Çək məkirli gözünü.
Sağ əlindən sal fələk,
İtir, kədər sözünü.
Sevinci itələyən,
Qollarını bağlayım.
Yolumdan çəkil, kədər,
Sevincə gün ağlayım.
Pressaz.az