Nizami Qərib: “VƏTƏN TORPAĞI” – VİDEO

                 VƏTƏN TORPAĞI

Yurdum deyə-deyə gözlərim ağlar,
Vərəqə sığmayan sözlərim ağlar,
Köksündə saldığım izlərim ağlar,
Al məni qoynuna, Vətən torpağı.

Əsirdir İrəvan, Qarabağ, Şuşa,
Çiçəkli baharım çevrilib qışa.
Qıyma yanağımdan süzülən yaşa,
Al məni qoynuna, Vətən torpağı.

Bir damcı su olum, bulaqdan düşüm,
Çağır yaylağına, qışlaqdan düşüm,
Xəzan yarpağıtək budaqdan düşüm,
Al məni qoynuna, Vətən torpağı.

Bağlanmış qapında kilidin olum,
Cəngavərin olum, igidin olum,
Uğrunda can verim, Şəhidin olum,
Al məni qoynuna, Vətən torpağı.

Yüz çaqqal birləşə nə edər qurda,
Soyum Türk soyudur, bənzəməm yada.
Ya məni yuxudan oyandır, ya da,
Al məni qoynuna, Vətən torpağı.

 

Pressaz.az