Elvin Talışınski: “Gücümüz birliyimizdir” – FOTO
Pressaz.az -ın məlumatına görə “Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyi aztəminatlı ailələrə yardımlarını davam etdirir.
Heç şübhəsiz 2020-ci il bütün dünya üçün bir sınaq ili olaraq yaddaşlarda qalacaq. Çünki bəşəriyyət sürətlə yayılan, qarşısı alınmaz bir xəstəliklə üzləşərək çətin vəziyyətə düşdü. Dünyanın ən inkişaf etmiş ölkələri belə koronavirus epidemiyasının qarşısında aciz qaldı. Vətəndaşların sağlamlıqları ilə yanaşı, həm də ölkənin sosial-iqtisadi inkişafına mənfi təsir göstərən COVID-19-la mübarizədə Prezident İlham Əliyevin başçılığı ilə dövlətimiz tərəfindən bir çox tədbirlər həyata keçirilmişdir. Bu epidemiya ilə mübarizə hələ də davam etməkdədir.
“Elin Səsi” Milli-Mənəvi Dəyərlərimizin Qorunması İctimai Birliyinin sədri Elvin Talışınskinin sözlərinə görə, dövlət siyasətinə dəstək olaraq bu gün vətəndaş cəmiyyəti institutları da həmvətənlərimizdən öz yardımlarını əsirgəmirlər. Artıq bir neçə ildir ki, milli-mənəvi dəyərlərimizin təbliği, cəmiyyətin bir çox sahələrində maarifləndirici, vətənpərvərlik ruhunda həyata keçirilən tədbirlərlə yanaşı, təşkilatımız müxtəlif ailələrə yardımlar da göstərir.
Bu dəfəki layihəmiz Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə reallaşmaqdadır. “Gücümüz birliyimizdir! Koronavirus (COVID-19) pandemiyası dövründə aztəminatlı ailələrə birdəfəlik yardımın göstərilməsi” adlı layihə çərçivəsində təşkilatımızın şimal bölgəsi üzrə əməkdaşlarının müəyyən etdiyi, yoluxma hallarının çox olduğu və xüsusi karantin rejiminin tətbiq olunduğu Xaçmaz rayonunda yaşayan aztəminatlı ailələrə birdəfəlik ərzaq yardımı göstəriləcəkdir. Bununla bağlı artıq vətəndaşların siyahısı müəyyən edilmişdir və yaxın günlərdə yardım qutuları həmin ailələrə çatdırılacaqdır.
E.Talışınskinin bildirdiyinə görə yardım alanlar arasında şəhid ailələri, müharibə veteranları, əlilliyi olan şəxslər, ailə başçısını itirmiş tənha insanlar və s. vardır.
Pressaz.az