Azərbaycan milli mətbuatının 145 illik yubileyinə həsr olunmuş vebinar keçirilib – VİDEO

İnformasiya bütün sferalarda önəmli güc mənbəyi və ən təsirli silahdır. Hazırda böyük bir auditoriyanın informasiya mənbəyi isə məhz sosial şəbəkələr və messencerlərdir. Bu səbəbdən də davamlı olaraq daxildən və ya xaricdən cəmiyyətin əhval-ruhiyyəsinə müəyyən maraqlar çərçivəsində təsir göstərildiyinin şahidi oluruq.
Pressaz.az Xezerxeber.az-a istinadən xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin müdir müavini Səadət Yusifova Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşkilatçılığı ilə reallaşdırılan videkonfransda söyləyib. Qurum rəsmisi informasiya təhlükəsizliyinin formalaşdırılmasının vacibliyini diqqətə çatdırıb.
Səadət Yusifova deyib ki, qlobal pandemiya çoxsaylı yanlış informasiyaların yayılması problemini də meydana çıxarıb. Nəticədə isə insanlar doğru və səhv xəbərlər arasında qalaraq, düzgün seçim edə bilmirlər.
Videokonfransda çıxış edən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Əhməd İsmayılov isə 145 yaşlı Azərbaycan mətbuatının uğurlarından danışıb. O, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yeni saytının məhz bu gün istifadəyə verildiyini deyib.
Videokonfrans digər çıxışlarla davam edib.
Pressaz.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir: