“ŞƏHİDLƏR BƏŞƏRİYYƏT OCAĞININ ŞAMIDIR!” – RAMİLƏ ATƏŞ VİDEO
ŞƏHİDLƏR BƏŞƏRİYYƏT OCAĞININ ŞAMIDIR
Bir gün Həzrət Peyğəmbərdən (s) soruşdular:
Şəhid nə üçün qəbirdə sorğu-sual olunmur?
Həzrəti peyğəmbər buyurdu: “Şəhid başının üstündə olan qılıncın qığılcımı ilə sınaqdan keçib, bütün sorğuların cavabını verib”.
Əgər bir şəxs vətəni, torpağı uğrunda mübarizədə həlak olarsa, ona fədai və şəhid rütbəsi verilir.
İslamda özünəməxsus müqəddəsliyi olan bir şəhidlik kəlməsi vardır. Bu baxımdan öz məqamına çatarsa, ən yüksək mərtəbəyə, şəhidliyə layiq görülər.
Qurani-Kərimin şəhidlər haqqındakı ayələrdən, eləcə də bu haqda nəql olunan hədislərdən şəhidlik kəlməsinin müsəlmanların ənənəsində olan müqəddəsliyinin səbəbini dərk edə bilərik.
Şəhid şam kimidir, onun işi yanaraq nur saçmaqdır. Şəhidin həyatı bahasına başqaları yaşayır, dincəlir, öz işlərini davam etdirirlər. Şəhidlər bəşəriyyət ocağının şamıdır və onlar yanaraq bu ocağı işıqlandırır.
Şəhidliyi ilə öz nurunu bizdən əsirgəməyən general-mayor Polad Həşimovdan danışıram sizlere. Bəli, general-mayor Polad Həşimov. Sonuncu tikəsini öz əsgərləri ilə bölən, cəsur, qorxmaz, aprel döyüşlərində xüsusi xidmətlərinə görə general-mayor rütbəsi alan qəhrəmanımız Polad Həşimov iyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu istiqamətində gedən döyüşlərdə torpaqlarımız uğrunda canını fəda edərək şəhidlik zirvəsinə yüksəldi. Onu tanıyanlar Polad Həşimovun sadəliyindən, sadə olduğu qədər də, hərbiçi kimi tələbkarlığından, təvazökarlığından, qətiyyətindən, mərhəmətindən, əsl insanlığından ürək dolusu danışırlar. Generalımız bir evdən yox, bir eldən getdi. O, ölümdən qorxmadı. Ölümlə üz-üzə dayandı ki, vətən torpağı yağı düşmənin əlinə keçməsin, körpə balalar qönçəiken solmasın.
Biz sizinlə fəxr edirik, cənab general! Allah sizə və sizin simanızda bütün şəhidlərimizə rəhmət etsin! Amin.
Pressaz.az saytının rəhbəri, “Qarabağın Göz Yaşları” jurnalının Təsisçisi və Baş redaktoru, Qızıl Qələm mükafatı laureatı, şair-publisist Ramilə Atəş