Fazil Əsəd: “SALAM, ƏSGƏR!” (Lirik poema)
SALAM, ƏSGƏR!
(Lirik poema)
Tut əlimdən yerit məni,
Ağlayıram, kirit məni.
Öldürüblər, dirilt məni,
Salam, əsgər, salam!
Sevinci qəmə borcluyam,
Qurunu nəmə borcluyam.
Vətəni kimə borcluyam?
Salam, əsgər, salam!
Haqq olmasa, dinəsiyəm,
Kəhər atı minəsiyəm.
O yerlərə dönəsiyəm,
Salam, əsgər, salam!
Düz yolum önədir ancaq,
İmana, dinədir ancaq.
Ümidim sənədir ancaq,
Salam, əsgər, salam!
Zirvələrdə olacaqsan ,
Zirvələrdə qalacaqsan .
Qarabağı alacaqsan,
Salam, əsgər, salam!
Salam, əsgər, salam!
Yatanları oyatdın,
Düşmənlərə toy tutdun.
Hey ucaldın, boy atdın,
Salam, əsgər, salam!
Düşmən üstə yeridin,
Döyüşdə bir sirr idin.
Par-par yanan dürr idin,
Salam, əsgər, salam!
Yetişib vaxt – zamandı,
Haqqımızı kim dandı?
Bu millət qürurlandı,
Salam, əsgər, salam!
Qorxuya düşüb yağı,
Yerdə durmur ayağı…
Ordu xalqın dayağı,
Salam, əsgər, salam!
Zirvələrdə olacaqsan,
Zirvələrdə qalacaqsan.
Qarabağı alacaqsan,
Salam, əsgər, salam !
Salam, əsgər, salam!
Döyüşdə şirə bənzərsən,
Qorxulu sirrə bənzərsən.
Mələksən-Hürrə bənzərsən,
Salam, əsgər, salam!
Düşmən toxundu şəstinə,
Durdu millətin qəsdinə…
Yeridin düşmən üstünə,
Salam, əsgər, salam!
Vətənin qıraq yerləri,
Gözlərə çıraq yerləri…
Qaytar çilçıraq yerləri!
Salam, əsgər, salam!
Vətən! Vətən! Bu bir yükdü,
Bu yükü kim necə çəkdi?!…
Arzular dağdan böyükdü,
Salam, əsgər, salam!
Zirvələrdə olacaqsan,
Zirvələrdə qalacaqsan.
Qarabağı alacaqsan,
Salam, əsgər, salam!
Salam, əsgər, salam!
Haydı irəli, qardaşım,
İnamla baxaq sabaha.
Yolunu gözlər dağ-daşım,
Səbrimiz tükənib daha.
Yolumuzu gözləyir,
Tapdaqda qalan yerlər.
Ta həsrətə dözməyir,
Həsrətdən solan yerlər.
“Ayaqda ol,möhkəm dayan”,
Mənim əsgər qardaşım.
Torpağım, daşım, qayam,
Olsun səngər, qardaşım.
Yağıya zaman verməzsən,
Dizibərk nərsən-bilirəm.
Düşmənə aman verməzsən,
Ər oğlu ərsən-bilirəm .
Zirvələrdə olacaqsan,
Zirvələrdə qalacaqsan.
Qarabağı alacaqsan,
Salam, əsgər, salam!
Salam, əsgər, salam!
Yurdu kim yoxlayır indi?
Gülü kim qoxlayır indi?
Yurd yeri yas içindədi,
Bulaqlar ağlayır indi…
Torpağı, daşı ağarıb,
Gözünün yaşı ağarıb.
Həsrətə dözə bilməyib,
Dağların başı ağarıb.
Dağlar tələsir arana,
Hər yanı qalıb virana…
Azərbaycan əsgəri
Məlhəm qoyacaq yarana!
Gözləri kədər olubdu,
Həyatı hədər olubdu…
Düşmənlərin tapdağında
Hamıdan betər olubdu.
Zirvələrdə olacaqsan,
Zirvələrdə qalacaqsan.
Qarabağı alacaqsan,
Salam, əsgər, salam!
Salam, əsgər, salam!
Haydı irəli, qardaşım,
Yurd yeri bizi gözləyir.
Ayrılıq uzun çəkibdi,
Heç nəyə daha dözməyir.
Cəsarət səndə, güc səndə,
Düşməni qorxuya saldın.
Həmişə gedirsən öndə,
Həmişə qələbə çaldın.
Düşmənlər qorxu içində,
Başları itib, deyəsən.
Düşmənlər köçha-köçündə,
İldırım ütüb, deyəsən.
Daha zaman dəyişibdi,
Doxsanıncı illər deyil.
Hər şey yaman dəyişibdi,
Əldə qərənfillər deyil…
Zirvələrdə olacaqsan,
Zirvələrdə qalacaqsan.
Qarabağı alacaqsan,
Salam, əsgər, salam!
Salam, əsgər, salam!
Ardınca apar bizi,
Yurd yeri tapar bizi.
Xəyaldan qopar bizi,
Salam, əsgər, salam!
Düşmənlərə uddur qan,
Şəhidlərə can qurban.
Haqqımız – Azərbaycan,
Salam, əsgər, salam!
Arzuma çata bilmirəm,
Sevincə bata bilmirəm.
Bir addım ata bilmirəm,
Tut əlimdən, yerit məni.
Nə çəkirəm bilən yoxdu,
Harayıma gələn yoxdu.
Yurd dərdindən ölən çoxdu,
Ağlayıram, kirit məni.
Sağ olmuş, səbrim hardadı?
Öldümsə, qəbrim hardadı?
Sağamsa, dirim hardadı?
Öldürüblər, dirilt məni.
Tut əlimdən, yerit məni,
Ağlayıram, kirit məni.
Öldürüblər, dirilt məni,
Salam, əsgər, salam!
Zirvələrdə olacaqsan,
Zirvələrdə qalacaqsan.
Qarabağı alacaqsan,
Salam, əsgər, salam !
Salam, əsgər, salam!
Pressaz.az