Prezident İlham Əliyev: Ermənistan ordusu layiqli cavabını aldı – VİDEO

”Qisas əməliyyatının ikinci fazası zamanı son iki gün ərzində düşmənə növbəti dəfə sarsıdıcı zərbələr endirilib, onlarla erməni hərbçi məhv edilib”.
Pressaz.az-ın məlumatına görə, bunu Prezident İlham Əliyev Nazirlər Kabinetinin bu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı dövlət sərhədində baş verən təxribat barədə danışarkən bildirib.
Ölkə başçısı son günlər ərzində Azərbaycan Ordusunun bir daha öz üstünlüyünü göstərdiyini, bu əməliyyatın Azərbaycan Ordusunun şanlı tarixində öz yeri olacağını bildirib. Əvəzində isə Ermənistanın ancaq əliyalın insanlara qarşı vuruşduğunu, qoca və uşaqlara qarşı soyqırımı törətdiyini deyib. Ölkə başçısı Azərbaycan Ordusu tərəfindən layiqli cavab alandan sonra Ermənistanın dərhal Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına müraciət etməsinin acizliyin və qorxaqlığın göstəricisi olduğunu bildirib.
Ölkə başçısı 14 iyul aksiyasının vətənpərvərliyin və xalq-iqtidar birliyinin əyani nümayişi olduğunu bildirib və həmin aksiyada bəzi müxalif qurumlar, o cümlədən Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrinin o kütlənin içinə girərək orada insanları qanunsuz əməllərə sövq etməyə çalışdıqlarını, təxribata əl atanların şəxsiyyətinin müəyyənləşdiriləcəyini və bunu edən hər bir şəxsin cəzalandırılacağını bildirib. Prezident onu da qeyd edib ki, heç kəs unutmamalıdır ki, biz hələ də pandemiya dövründə yaşayırıq və karantin rejimi ləğv edilməyib.
İclasda ölkə ərazisində müşahidə edilən quraqlıq barədə danışan prezident su ehtiyatlarının idarə edilməsi ilə bağlı geniş tədbirlər planının təsdiqlənəcəyini və icra olunacağı bildirilib. Ölkə başçısı 2021-ci ilin büdcəsində də sosial sahəyə xüsusi diqqət göstərilməsi ilə bağlı da tapşırıqlarını verib.
İlin altı ayında görülmüş işləri müsbət qiymətləndirən ölkə başçısı altı ayda investisiya proqramının 40 % icra edildiyini və ilin sonuna kimi tam icra ediləcəyini bildirib. Prezident İlham Əliyev ilin sonuna qədər qarşıda duran bütün vəzifələrin icra ediləcəyini vurğulayıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
Mənbə: xezerxeber.az