Türkiyə prezidenti: “Bütün imkanlarımızla Azərbaycanın yanındayıq”

“Dost və qardaş Azərbaycana qarşı Ermənistan tərəfdən törədilən hücumu şiddətlə qınadığımı bildirmək istəyirəm”.
Bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan kabinet toplantısından sonra verdiyi açıqlamada deyib.
O, şəhidlərə rəhmət, yaralıların tez bir zamanda sağalmasını diləyib.
“Bu gərginliyin Ermənistanın düşünməmiş hücumundan sonra silahlı toqquşmaya çevrilməsindən narahatıq. Son hücum iki ölkə sərhədində ağır silahlarla həyata keçirilib”, – deyə Ərdoğan əlavə edib.
Türkiyə Prezidenti əlavə edib ki, bu hadisə Dağlıq Qarabağda deyil, iki dövlət arasındakı sərhəddə və ağır silahlarla törədilib: “Bu, hadisənin hər hansı sərhəd pozuntusu deyil, birbaşa Azərbaycana qarşı məqsədli hücum olduğunu göstərməkdədir. Bu hücum Ermənistanın səviyyəsini aşan bir hadisədir: “Məqsəd təxribat xarakterli yanaşma ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı prosesin qarşısını almaq və bölgədə yeni toqquşma sahələri meydana çıxarmaqdır. Türkiyə qədim dostluq bağları və qardaşlıq münasibətlərinin olduğu Azərbaycanın haqqına, hüququna və torpaqlarına yönəlik hər cür hücumun qarşısında yer almaqda əsla tərəddüd göstərməyəcək. Bölgəmizdəki və dünyadakı bütün siyasi, diplomatik və sosial əlaqələrimizi bu istiqamətdə səfərbər etmək boynumuzun borcudur. Bunu da xüsusi qeyd etmək istəyirəm. Öz torpaqlarında siyasi, iqtisadi problemləri, koronavirus pandemiyasından qaynaqlanan sağlıq, infrastruktur və digər geniş yayılan problemlərini həll edə bilməyən bir ölkənin belə bir hücuma başlaması öncə öz xalqına hörmətsizlikdir”.
R.T.Ərdoğan qeyd edib ki, ailələrinin dolanışığını təmin etmək üçün Türkiyədə çalışmaqda olan 10 minlərlə erməninin də dövlətlərinin bu məsuliyyətsiz davranışlarından narahat olduqlarına inanır: “Bölgə ölkələrinin Ermənistanın Dağlıq Qarabağı işğal etməsindən bəri davam edən aqressiv və işğalçılığı nümayiş etdirən davranışlarına qarşı prinsipial və səmimi bir duruş ortaya qoymağa dəvət edirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Bir daha şəhid olan azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyirəm”. (APA)