Şair Nizami Qəribin “Sızlayan kamanım, ağlayan sazım” adlı kitabı işıq üzü gördü – FOTO VİDEO

Nizami Qəribin yeni nəşr olunan “Sızlayan kamanım, ağlayan sazım” adlı kitabı oxucuların ixtiyarına verilib.  Kitabda müəllifin həm vaxtı ilə dövrü mətbuatda çap olunmuş, həm də son illərdə qələmə aldığı şeirləri yer almışdır. Onun əsərləri humanist, vətənpərvər, mərd, mübariz Azərbaycan oğlunun qəlbindən keçən duyğuların poetik ifadəsidir. Bu şeirlər özünün böyük səmimiyyəti və oxuculara yüksək mənəvi keyfiyyətlər aşılamaq qayəsi ilə diqqəti cəlb edir. 

Pressaz.az Nizami Qəribin “Sızlayan kamanım, ağlayan sazım” adlı kitabında nəşr olunan şeirlərdən bir neçəsini oxucularına təqdim  edir:

           AZAD EDƏK BİZ

Ay ellər, obalar, yatmayaq daha,
Günləri günlərə satmayaq daha.
Coşan səbrimizi tutmayaq daha,
Açaq sıldırımdan yeni cığır,iz,
Göyçəni girovdan azad edək biz.

El dərdi sinəmdə dağdır, yaşayır,
Bəhrəsi talanan bağdır, yaşayır.
Hələ ümidimiz sağdır, yaşayır,
Nə qədər qəlblərdə sönməyibdir köz,
Göyçəni girovdan azad edək biz.

Bu, sönməz, səngiməz elə pir eşqdir,
Açılmaz, bilinməz elə sirr eşqdir,
Qərib, vətən eşqi elə bir eşqdir,
Özümüz ölsək də, ölməz eşqimiz,
Göyçəni girovdan azad edək, biz.
23.08.2018

 

         GÖYÇƏDƏ QALDI

Deyirsən, a qardaş, gedək dağlara,
Güllü yamaclarım Göyçədə qaldı.
Biz gedən dağların quşu da qərib,
Kəklik-turaclarım Göyçədə qaldı.

Qardaş, bu dağların qarı o deyil.
Payızda bəhrəsi, barı o deyil.
Heyvası o deyil, narı o deyil,
Barlı ağaclarım Göyçədə qaldı.

Nizami Qəribəm, darıxdım yaman.
Yadıma düşdükcə o çən, o duman.
Suyu cənnət suyu, havası dərman,
Dərdə əlaclarım Göyçədə qaldı.
17.07.2018

 

             KÜLÜM QALIBDI

Mənə “üzün gülmür” söyləyən dostum,
Yad əldə Göyçətək elim qalıbdı.
Laləli, nərgizli, şehli çəmənim,
Yaşılbaş sonalı gölüm qalıbdı.

İstisu, Dəlidağ, Qovşuq-yaylağım,
Pəmbək- seyrəngahım, Güney- oylağım.
Şuşada Topxanam, İsa bulağım
Xarıbülbül kimi gülüm qalıbdı.

Apara bilməyir yel həsrətimi,
Dağları titrədən sel həsrətimi.
Söndürə bilmədim el həsrətimi,
Qəribəm, yanmışam, külüm qalıbdı.
10.08.201

 

         QÜRBƏTDƏN YAZDIM

Yolum düşən gündən qərib ellərə,
Kövrəldi qələmim, həsrətdən yazdım.
Gündüzüm qaralıb gecəyə döndü,
Mən günəş nurunda zülmətdən yazdım.

Vətənsiz hər günüm ilə bərabər,
Bir damcı göz yaşım selə bərabər,
Ocağım yansa da, külə bərabər,
Bu acı taledən, qismətdən yazdım

Qərib, göz yaşınla yu sətirləri
Qoyma qurumağa su sətirləri.
Ağrıyla yazılan bu sətirləri,
Vətəndən uzaqda, qürbətdən yazdım.

28.04.2020.

 

 

 

Pressaz.az