Ramilə Atəşin söz dünyasından…
MƏN SƏNƏ YARAM
Deyirsən ki, sən mən kimə yaram?
Sən varsan əgər, mən sənə yaram.
Mənim nəfəsim, ruhum da sənsən,
Könül həmdəmim, mən sənə yaram.
Yuxusuz gecəm, sözüm-söhbətim,
Mənim dünyada sonsuz sərvətim.
Mənim həyatım, canım da sənsən,
Gözümün nuru, mən sənə yaram.
Qısqanıb məni sual edirsən,
Günahsız yerə əzab verirsən.
Deyirsən ki, sən mən kimə yaram?
Məni sevən sən,mən sənə yaram.
Dəli – divanə deyirlər sənə,
Aşiq olduğum, mən sənə yaram.
Dünya durduqca, qəlbim vurduqca,
Dəli sevgilim, mən sənə yaram.
Azərbaycan sənə zəfər yaraşır!
Könlüm susub, ilham pərim gizlənib,
Ulu Tanrım, nədəndir qəzəblənib?
Dünya, səni de, kimlər zəhərləyib?
Təbiət də bu dərddən qəhərlənib.
De, nə oldu dünyam belə dəyişdi,
Dost-dostuna düşmən olub döyüşdü.
Qardaş – bacı üz döndərib küsüşdü,
Axı dünyam nədən belə dəyişdi.
Bir tikəni bölüb birgə yeyərdik,
Bir paltarı növbə ilə geyərdik.
Hər nə olsa, Allaha şükr edərdik,
Biz birlikdə düşmənə güc gələrdik.
Bəs nə oldu, nə dəyişdi bizləri,
Kimlər sildi keçmişdəki izləri.
Tariximiz, dünənimiz itməsin,
Xoşbəxt günlər xəyallarda bitməsin.
Gec olmamış səhvimizi düzəldək,
Qarabağda səmənilər cücərdək.
Qeyrət, cürət, hünər bizə yaraşır,
Azərbaycan, sənə zəfər yaraşır!
Pressaz.az