Arzu Müzəffər Qızı Nuri: SON BAHAR – FOTO
SON BAHAR
Bu da sevgimizin son baharıdı.
Bir şirin röyaydı..bitdi.ayılaq.
Bu da sevgimizin son qatarıdı.
Bu qatar əbədi getdi..ayrılaq.
Biz xöşbəxt olmadıq sevənlər kimi.
İndi giley-güzar daha əbəsdi.
Heç nə ovutmayır daha qəlbimi.
İndi..firtınalar səbrimi kəsdi.
Bilirəm bu həsrət üzəcək bizi.
Sənin vusalına bürünməyəcəm.
Gizli qoruyacam mən sevgimizi.
Sənin gözlərinə görünməyəcəm.
Ürək gizli-gizli yenə yanacaq.
Bir damla göz yaşım dəniz olacaq.
Sənin ilə sənsiz yaşanan günlər.
Sənsiz sənli gündən əziz olacaq.
TOX, AC
Toxun acdan nə xəbəri.
Xoş yazılıb,xoş qədəri.
Ondan olsa,qəm- kədəri.
Verər aca, heç ox deməz.
Yatıb tükü qu yataqda.
Eyvanı gen, bir otaqda.
Hələ ona qızıl tac da
Qoysan yenə, o yox deməz.
Böyüyüb min nemət ilə.
Yaşayıb xoş qismət ilə.
Harınlayıb ildən -ilə.
Artdıqca var, o çox deməz.
Diz üstədi duz- çörəyi.
Bitməz arzu ya istəyi.
Qızıl olsa ,da dirəyi.
İstər yenə, o yox deməz.
Adam kimi deyil adam.
Kimsəyə də olmaz hayan.
Var üstünə, varı alan.
Gözüm oldu nə , tox deməz.
UNUTMADIM
Nə mənə edilən yaxşılıqları.
Nə də pislikləri heç unutmadım.
Anlamaq istədim bəzi anları.
Susdu duyğularım,söz soruşmadım.
Çoxları qəlbimi üzüb keçdilər
Məni oğrun-oğrun süzüb keçdilər,
Yoluma daş-qalaq düzüb keçdilər,
Kimsənin işinə mən qarışmadım.
Mənim sirlərimi bilən də oldu
Üzümə yalandan gülən də oldu
Yanımda özünü öyən də oldu,
Özünü öyənlə heç yarışmadım .
Gördüm dananları əsli-soyunu,
Şeytan tək tutdular şeytan yolunu,
Əyninə geydilər mələk donunu,
Çıxdilar qarşıma mən barışmadım.
Pressaz.az