Dilguşə Gülümcanın söz dünyasından… FOTO – VİDEO
YAD ELDƏ VƏTƏN GƏZMƏ
Könlüm yaman ağrayır,
Ürəyim qan ağlayır.
Yurdum,yuvam Qarabağ,
İndi sinəm dağlayır.
O bağın gülü solub,
Gözlərim yaşla dolub.
Torpağa olan həsrət,
Sağalmaz dərd-qəm olub.
Yenə o bağ olaydı,
Laləli dağ olaydı.
Qara yel el-obamda,
Kaş nurlu,ağ olaydı.
Dilguşə,ümid üzmə,
Qəmin yan-yana düzmə.
Açılar bağlı yollar,
Yad eldə Vətən gəzmə.
ÖMRÜMÜZÜN DƏYƏRİN BİLƏK
Bir anda uşaqlıq, cavanlıq keçdi,
Orta yaşda bizi qəm-qüssə seçdi.
Bizə olan oludu, yol sona çatdı,
Nəsə niyyət edib, yaşamaq gecdi.
Yazla yayımızdan uçub getmişik,
Yağmurlu payıza nə tez yetmişik!
Bütün gözəllikdən uzaq düşərək,
Artıq ömrümüzə qış gətirmişik.
Dedik ömür bitməz, əbədi sandıq,
Çox işdə gecikdik, sonra da yandıq.
Bilmədik get gedə gücümüz bitir,
Demə, biz hamımız gənclikdə xandıq.
Həyatın hər anı indi qənimət,
Allah verən ömür bizə əmanət.
Bu günkü işləri sonraya qoysaq,
Sabah olacağa, varmı zəmanət?
Dilguşə, bu gündür hər arzu, dilək,
Çatıb, çatmayanı xəyaldan silək.
Bu dünyadan hamı əli boş gedir,
Qalan ömrümüzün dəyərin bilək.
BÜTÜN DÜYÜNLƏRİ YARADAN ÇÖZƏR
Vətənimə bahar gəlib, yaz gəlib,
Əl əlvan boxcasın düzlərə sərib,
Qızlar üstü şehli lalələr dərib,
İstərəm hər yanda güllər qoxusun,
Qarabağda sarı bülbül oxusun.
Rəngbə rəng gül açıb bağda ağaclar,
Yarpız,çinçilimlə dolub yamaclar,
Kətə üçün kənddə düzülüb saclar,
Səba yeli təmiz hava dağıdır,
Qarabağ əsirdə ürək ağrıdır.
Quşlar cəh-cəh vurur dağ meşəsində,
Bütün canlılar da öz nəşəsində,
Toy bayram qarışıb davul səsində,
Bir tək Qarabağda bu şənlik yoxdur,
Şəhid oğlanlarım sinəmdə oxdur.
Dilguşə, yaz ətri fərqli, həm gözəl,
Bəlkə bu il bizə gəlib bir özəl?
Bütün düyünləri Yaradan çözər,
Günəş Qarabağın üstündə saçar,
Bağlı qapıları tayba tay açar.