Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər arasında həmrəylik yaradır – VİDEO
Azərbaycan qlobal pandemiya şəraitində dövlətlər və xalqlar arasında əlaqə yaradan və həmrəylik üçün körpü quran ölkədir.
Qoşulmama Hərəkatının Təmas Qrupu formatında mayın 4-də videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşünün Prezident İlham Əliyevin təşəbbüsü ilə baş tutması bunun bariz nümunəsi oldu.
Dövlət başçısının təşəbbüsü ilə keçirilən zirvə görüşündə Avropa İttifaqının rəsmisinin ilk dəfə iştirakı və çıxışı təşkilatın tarixində indiyədək yaşanmayan bir hadisə idi. Bu isə o deməkdir ki, məhz Azərbaycanın vasitəçiliyi ilə əks qütblərdə olan Qoşulmama Hərəkatı ilə Avropa İttifaqı koronavirusa qarşı bir mövqedən çıxış edib.
Bu da bir reallıqdır ki, pandemiya dönəmində bir sıra ölkələr həmrəylik yerinə hətta bir-birilə mövcud əlaqələrini daha da pisləşdirməyə meyl edirlər. Belə bir zamanda Prezident İlham Əliyev təşəbbüs irəli sürərək “özünəqapanma sindromu”nun heç kəsə xeyir gətirməyəcəyini nümayiş etdirdi və dünyanın ayrı-ayrı qütblərində müxtəlif siyasi və ideoloji quruluşlara malik ölkələri bir araya gətirdi.
Videokonfrans vasitəsilə keçirilən zirvə görüşündə 40-a yaxın ölkənin dövlət və hökumət başçıları, xarici işlər nazirləri, BMT Baş Assambleyasının prezidenti, Afrika İttifaqının sədri, Ümumdünya Səhiyyə Təşkilatının Baş direktorunun iştirakı bir tərəfdən də Azərbaycan liderinə olan inamın, eləcə də onun şəxsi nüfuzunun göstəricisidir.
Zirvə görüşündə liderlərin söylədiyi fikirlər də bir daha göstərdi ki, ölkəmiz koronavirus pandemiyası ilə bağlı formalaşan yeni reallıqlara və yaranmış vəziyyətə nəinki adekvat reaksiya verməyi bacarıb, eyni zamanda, özü qlobal addımların təşəbbüsçüsü və icraçısı olub.
Mənbə: Xezerxeber.az