Şair – publisist Ramilə Atəşin söz dünyasından

         

                Mən Atəşəm

İllərimi saya-saya gəlmişəm,
Arxada yox, sözü üzə demişəm.
Ad günümə yenə şeir yazıram,
Yenə şeir, yeni şeir yazıram.

Ad günündür, Atəş xanım, sevin, gül,
Güllə bəzən, ətir saçsın üzün, gül.
Nəğmə desin, sənə dostlar, şirindil,
Mübarəkdir doğum günün, Atəş, gül.

Öz-özümə söz qoşuram, coşuram,
Xəyanəti görən kimi çaşıram.
Çaylar kimi çağlayıram, daşıram,
Ad günümə özüm şeir qoşuram.

Mən Atəşəm, kimsə yanmaz odumdan,
Ayrılmaram, əsla doğma yurdumdan.
Qarabağım çıxmaz heç vaxt yadımdan,
Nəğmə deyib, şeir yazıb, söylərəm,
Qarabağım, səndən dönən o zamanı gözlərəm!

 

 

                Beyləqan şəhidləri

Düşmənlə döyüşlərdə igidlik göstərdilər,
Torpağa qurban gedib, canı fəda etdilər.
Canları, qanları ilə and içib, söz verdilər,
Tarixdə iz saldılar, Beyləqan şəhidləri.

Fitnəkarı, nankoru əzib, məhv eylədilər,
Qarabağda, döyüşdə igidlik göstərdilər.
Azərbaycan bayrağın yüksəklərə qaldırıb,
Dünyaya səs saldılar, Beyləqan şəhidləri.

Beyləqana üz tutdu Füzulin, Cəbrayılın,
Elim yanıb kül oldu, dağa düşdü harayım.
İgid oğullar qalxdı, döyüşlərə atıldı,
Canını fəda etdi, Beyləqan şəhidləri.

Ədalətsiz qanunlar xalqımı əzdi, keçdi,
Bu dünyadan nə qədər günahsız körpə köçdü.
Anaların fəryadı, bacıların göz yaşı,
Bizə şərəf gətirdi, Beyləqan şəhidləri.

Açıq döyüşə girdi, düşmənə sinə gərdi,
Düşməndən qisas aldı, Beyləqan şəhidləri.
Adınız anılacaq, şərəflə yazılacaq,
Tarixə möhür vuran, Beyləqan şəhidləri.

 

Pressaz.az