Ziyafət Tovuzlu: Həsrətindəyəm…

        SÖZLƏR

Hər nə gəldi yazmayın
Olar, olmaz yozmayın.
Sırasını pozmayın
Şöhrətdi, şandı sözlər.

Müqəddəsdi, gülməyin
Hər nə desə dinləyin.
Mənasızdı deməyin
Gövhəri-kandı sözlər.

O dəryadı, dənizdi
Gör necə saf, təmizdi.
Düşünməyin qəlizdi
Mehriban candı sözlər.

Körpüsüdü hər dilin
Gəlin, qədrini bilin.
Nolar, ürəkdən sevin.
Xoşbəxt məkandı sözlər.

 

 

           HƏSRƏTİNDƏYƏM

Yaşıl yaylaqların, buz bulaqların
Nərgizin, lalənin həsrətindəyəm.
Şırşırın, Əsriyin sulu çayların
Dağların, bağların həsrətindəyəm.

Hələ çalınmamış yaşıl otların
Yalmanı sığallı kəhər atların.
Oyanıb sübh çağı, ötən quşların
Nəğmənin, cəhcəhin həsrətindəyəm.

Ləhcəsi gözəldi, dilləri ballı
Yaz-yayı nəğməli, qışı nağıllı.
Dağların qoynunda qız tək sığallı
Elimin, obamın həstətindəyəm.

 

              HƏSRƏT

Bir həsrət yatır ki, içimdə mənim
Azdırıb ruhumu, yolunu tapmır.
Ağrıdır qəlbimi, olubdur qənim
Unudub sağını, solunu tapmır.

Bir həsrət yatır ki, içimdə mənim
Boylanır gözlərim yollara sarı.
Ağlayır içimdə bir körpə kimi
Darıxır, çırpınır, qollara sarı.

Bir həsrət yatır ki, içimdə mənim
Gülümə yetməyir, canıma çatmır.
Göynəyir sübhədək, incidir məni
Dincliyi tanımır, rahatlıq tapmır.

Bir həsrət yatır ki, içimdə mənim
Danışa bilməyir, susur dinməyir.
Ziyafət adında bəxtsiz gəlinin
Dərdi də pünhandı, kimsə bilməyir…

 

                GEDİRƏM

Ömür – günüm hey sınağa çəkildi
İmtahanı verə-verə gedirəm.
Bu həyatım əzabamı yaranıb?
Dərdə baxın, görə-görə gedirəm.

Bu dünyanın yaraşığı ləldimi?
İnsan oğlu, bir qərara gəldimi?
Yaşadığım xeyirdimi, şərdimi?
Baş sındırıb, çözə-çözə gedirəm.

İnsanlığın insanlığı azalıb,
Şərəf gedib, qeyrət isə az qalıb.
Çəkə-çəkə, ürəyim də yuxalıb
Ziyafətəm, dözə -dözə gedirəm.

 

                SEVGİNİN 

Tarixi bilinmir, yaşı bilinmir.
Əzəli gözəldi, sonu bilinmir.
Yaddaşa həkk olur, qəlbdən silinmir
De, nədən yarandı adı sevginin?

Könüllər qul olur, dillər lal baxır
Gah gülür gözlərin, gah ağlar baxır.
Düşdüyü yerləri yandırıb, yaxır.
Sönməyir nədənsə odu sevginin.

Ziyafət, amandı dərinə getmə
Özünü çox yorub, sirrini bilmə.
Güvənib naşıya könlünü vermə
Bilinməz qohumu, yadı sevginin.

 

 

Pressaz.az