Könül Səssiz: Nazlının məhəbbəti (hekayə)

       Səhərin açılmasına az qalmışdı. Uzaqdan Azanın səsi gəlirdi: Allahu Ekber! Allahu Ekber!
      Nazlı həmişəki kimi Azanın səsinə oyandı. Tez yerindən qalxıb həyətə cıxdı. Salavat çəkib, Azana qulaq asdı. Sonra dəstəmaz alıb namazını qılmağa başladı. Dua edərkən göz yaşları ixtiyarsız süzülərək yanağını islatdı. O, əllərinə göyə qaldırıb titrək səslə “Allahım sən hər şeyi bilənsən, yalnız Sən hər şeyi dəyişə bilərsən. Əşrəfimi qoru, ona səbr ver…sağ salamat evinə qayıtsın. Ey böyük Allah, ey mərhəmətlilərin mərhəmətlisi bu duamı qəbul eylə. Amin”.  Nazlı namazını bitirib ayağa qalxdı. Pəncərəyə yaxınlaşıb səmaya baxdı . Hava işıqlanırdı. Gözləri yol çəkdi…hər səhər olduğu kimi…

      28 il əvvəl belə bir səhər qatarla sevdiyi insanı, ömür gün yoldaşını Qarabağa döyüşə yola salmışdı. Təzə ailə qurmuşdular o zaman. Hər ikisi uşaq evində böyümüşdü Nazlı ilə Əşrəf. Elə ilk məhəbbətdə ordan başlamışdı. Hər ikisi eyni ali məktəbə qəbul olmuşdular. Qarşılarına bir məqsəd qoymuşdu bu iki gənc. Təhsili başa vurub,  işləyəcək, evlənəcəkdilər. Elə də etmişdilər. Bu həyatda onlar bir-birinin yeganə dostu-sirdaşı, həmdəmi idi. Hər şey çox gözəl idi. Tale əllərindən ata -analarını alsa da, gec də olsa gözəl ailə qismət etmişdi. Ömürlərinin ən gözəl anlarını yaşayırdılar. Bir gün qəfil döyülən qapı hər şeyi dəyişdi. Gələn  paçtalyon idi. Əşrəf üçün hərbi xidmətə çağırış vərəqi gətirmişdi. Bu xəbərdən Nazlının gözləri doldu. Əşrəf onun alnından öpüb ” əzizim, darıxma gedib o ermənilərin dərsini verim gələcəm” deyib, zarafatla sevgilisinin könlünü almışdı.

     1991-ci ilin payızı idi. Sanki təbiətdə qəzəblənmişdi. Havada qış soyuqluğu vardı. Qarabağda qızğın döyüşlər gedirdi. İki gün sonra Nazlı Əşrəfi hərbi xidmətə yola saldı. İki ay ardıcıl məktub aldı. Əşrəf yaxşı olduğunu, tezliklə qələbə çalaraq geri qayıdacağını yazırdı. Bir  müddət sonra məktubların arası kəsildi…

     Nazlı çox narahat idi. Fevral ayının 26 -sı idi. Bayırda şaxta insanın nəfəsini kəsirdi. Yanan soba belə evi sanki isitmirdi.  Nazlının ürəyi üşüyürdü…bütün gecəni yatmamışdı. Televizorda verilən cəbhə xəbərləri yuxusunu qaçırmışdı. Bütün ölkə kədər içində idi. Qəddar düşmən Xocalıda bir qətliam törətmişdi. Bu bir dəhşət idi. İnsanlığa sığmayan, dünyada görülməmiş vəhşilik! Soyqrım!
      Nazlının gözü küçə qapısında,  qulağı səsdə idi. Birdən telefon zəng çalar, qapı döyülər… telefon susur, kimsə gəlib getmirdi.

      Beləcə günlər keçirdi. Bir səhər birdən qapı döyüldü. Nazlı sevinərək qapıya tərəf qaçdı.”Əşrəfim gəldi!” sevinclə qaçıb qapını  açdı. Bir anlıq duruxub qaldı. Gələn poçtalyon idi. Əlində məktub dayanmışdı.
– Salam, xanım. Quliyeva Nazlı sizsiniz.
-Bəli, mənəm.
     Nazlının ürəyi narahatlıqla döyünməyə başladı. Onu soyuq tər basdı.
Poçtalyon sanki gətirdiyi xəbərdən utanırdı. Başını aşağı salıb gənc qadının üzünə baxmamağa çalışırdı. 
–   Bu məktub sizə çatacaq, deyib məktubu ona uzatdı və sürətlə oradan uzaqlaşdı. Nazlı əlində məktub qapı ağzında donub qalmışdı. Məktubu açmağa cəsarəti çatmırdı. Orada nə qədər durduğunu xatırlamırdı. Bir də hiss etdi ki, əlləri soyuqdan donur. İçəri keçdi və həyəcanla məktubu açdı…dünya başına fırlandı Nazlının. Huşunu itirib yerə yıxıldı. Ayılanda əlindəki məktubu bir də oxudu. Məktubda Əşrəfin itkin düşdüyü yazılmışdı. “Ola bilməz. Əşrəfim sağ-salamat qayıdacaq! Mənə söz verib ” Məktubu əlində bərk-bərk sıxan Nazlı göz yaşları içində öz-özünə pıçıldayırdı  ” sən qayıdacaqsan, bilirəm sevgilim…qayıdacaqsan!…”.
…O gündən neçə  illər ötməsinə baxmayaraq Nazlı beləcə hər  sabah Azanın səsinə oyanır, namazını qılıb onun üçün dua etdikdən sonra pəncərədən səmaya baxıb səhərin necə açıldığını seyr edir. Səhər açılınca işə gedir. Axşam işdən çıxanda evə tələsir…Yol boyu bu düşüncələr onu tərk etmir – “bəlkə də qayıdıb…sevdiyi yarı onu gözləyir…”


       Nazlı əmin idi ki, bir gün ömür-gün yoldaşı qayıdacaq. Bu ümid yaşadırdı onu…
…Bir gün Əşrəfi qayıdar deyə qaldığı kirayə evi belə dəyişməmişdi Nazlı…qayıdarsa onu tapsın deyə…

 

 

 

Könül Səssiz 

Pressaz.az