Şair-publisist Dilguşə Gülümcandan örnək addım -FOTO

Tanınmış şair-publisist Dilguşə Gülümcan gənc yazarlara  örnək olan bir addım atıb. Şair 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi gününü məktəblilərlə birgə keçirməyi qərara alıb.  Belə ki, bu münasibətilə Dilguşə xanım 53 Nömrəli Tam orta məktəbin şagirdləri ilə görüş keçirib. Görüş zamanı Dilguşə xanım uşaqlara məktəb illərindən, poeziyaya gəlişindən  və ölkəmizdən kənarda yaşayan azərbaycanlı gənclərin həyatından, onların vətəni uzaqda da olsa necə sevib, layiqincə təmsil etdiklərindən soz açıb. Uşaqları maraqlandıran suallara cavab verib və onlara öz şeirlərindən söyləyib. 

Onu maraqla dinləyən uşaqlara “Harada olursunuzsa olun, həmrəy olun,  vətəni heç vaxt unutmayın. Vətən sizin namusunuz, qeyrətinizdir, ona həmişə sahib çıxın” deyən Dilguşə xanım hər bir şagirdi ayrı-ayrılıqda Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibətilə təbrik edib və onlara öz imzalı kitabını hədiyyə edib. Eyni zamanda 7c sinfinin sinif rəhbəri Aybəniz müəlliməni də təbrik edib və bununla yanaşı məktəbin kitabxanasına da öz kitablarını təqdim edib. 

Görüş zamanı 7c sinif şagirdləri də Dilguşə xanımı ilk olaraq Azərbaycan Himni ilə salamlayıb,   hazırladıqları kiçik səhnəciklər göstərib, vətənpərvərlik ruhunda şeirlər söyləyiblər. Sonda uşaqlar da öz növbəsində Dilguşə xanıma onlara belə gözəl bayram ab-havası yaşatdığı üçün təşəkkür edib, onu çiçəklə təbrik ediblər.

Düşünürəm ki daim öz vətənpərvərlik ruhunda yazdığı şeirləri ilə seçilən bu xanım bu gözəl təşəbbüsü ilə çox gözəl bir addım atıb. İnanıram ki, bir çoxları bu addımı davam etdirəcək.  Çünki uşaqlar bizim gənc oxucularımız,  bizim gələcəyimizdir. Onların daim  tanınmış, dünyagörüşü çox olan insanların sözünə, məsləhətinə ehtiyacı vardır.  

Könül Səssiz 

Pressaz.az