SOLMAZ QƏRİBELİN SÖZ DÜNYASINDAN YENİ ŞEİRLƏR…

Yuxuma narahat mələklər gəlib…

Yenə yuxularım qarışıb yaman,
Yuxumda dolaşır narahat ruhum
Gözümün önündə uçur mələklər,
Nədənsə onlar da narahat bu gün.
Baxıram birinin qanadı sınıq ,
Birinin qanadı al-qan içində,
Qanadın çaıdıqca üşüyür qəlbim,
Kim salıb, görəsən onu bu dərdə?
O ki, bir elçidir günahı yoxdur,
Göylərdə dolaşır ,yuvası yoxdur.
Durub pəncərənin önündə baxır,
O, elə baxdıqca qəlbimi yaxır,
Gizləyib gözümü onun gözündən,
Günahkar-günahkar yerə baxıram
Onun üzündə ki, sualı görüb,
Narahat yuxumdan yaman qorxuram.
Bir az yaxınlaşıb mən ona sarı,
Yaxın gəl, yaranı sarıyım dedim,
Gözündə bir gilə göz yaşı donub,
yaxın gəl, gözünün yaşını silim
Üzündə təbəssüm ,o qanad çaldı
Əllərim uzalı havada qaldı
Səslədim bir dayan ,getmə uzağa ,
O nə geri döndü, nə mənə baxdı,
Dünyanın günahı, çiynimdə qaldı….

 

                  Tapmıram

Ay Allah, bu dünya hayana gedir ,
Dünyanın içində dünya tapmıram.
Üzü Haqqdan dönüb yalana gedir,
Dünyanın içində dünya tapmıram

Küsüb yenə, hecalanır sözlərim,
Dolam düşüb, düz yolumda izlərim
Tor gəlibdir, daha görmür gözlərim
Dünyanın içində dünya tapmıram ..

Salam itiribdir Salamın çoxdan,
Kəlam itiribdir, kəlamın çoxdan
Tapmışam sevginin yalanın çoxdan..
Dünyanın içində dünya tapmıram……

 

 

                        Həsrət

Ömrün payızında qəflətən gəldin,
Çalmadın qapımı, olar, ya olmaz
Arşın-arşın kədər biçdin ömrümə,
Demədin , gözlərim dolar, ya dolmaz?

Mən həsrət aşiqi oldum, bilirsən?
Həsrət, doğulandan mənə tuş gəlir
Baxıram boylanıb dörd bir yanıma
Bu dünya boşalıb,mənə, boş gəlir?

Gündüzün gün üzü boğulub qalıb,
Zülmət gecələrdən salıb yolunu
Arzum ürəyimdə doğulub qalıb
Həstətin boynuna salıb qolunu ….

 

                Ay Vətən

Yuxuların qara gəlib ay vətən,
Ağ kəfəndə bürünmüsən qaraya
Yaraların sağalmayır, sızlayır,
İnləyirsən, çatan yoxdu haraya.

Yuxuların qara gəlib ay Vətən,
Ürəyimi yandırırsan, yaxırsan
Ah -nalədən qulaqların kar olub,
Məzlum-məzlum susub, dilsiz baxırsan

Yuxuların qara gəlib ay Vətən,
Qış yuxusu yoxsa səni qandırıb?
Qamaşdırır çölün neçə gözləri,
İçin söküb öz içini yandırıb.

Yuxuların qara gəlib ay Vətən,
Elə mən də , sənin kimi yatmıram,
Еlə bilmə ,yaşayıram ,mən sənsiz,
Sənsiz, sənli günlərimə çatmıram..

 

 

Pressaz.az