ELMAN İSRAFİLOĞLU: ” ÖTƏN VAXTIN SƏSİN DİNLƏ”

ÖTƏN VAXTIN SƏSİN DİNLƏ

Çıxdım dünyanın seyrinə,
Yollar dizimə büküldü.
Zamanı tuta bilmirəm,
Ömrümdən günlər töküldü.

Vaxt dartılmaz kəlbətinlə,
Ötən vaxtın səsin dinlə.
Tanrı, sənin qüdrətinlə,
Ürəyimə söz əkildi.

Günləri geydim əynimə,
Zaman sığmadı beynimə.
Söz yükün aldım çiynimə,
Ürəyimə dağ çəkildi.

Əllərimi vaxtdan üzdüm,
Zamanı təsbehə düzdüm.
Hər şeyə səbr edib dözdüm,
Səbrin astarı söküldü.

Seyrə daldım zaman-zaman,
Vaxt qopardı yolda tufan,
Ömrün oldu, Elman bir an,
Baxdım, dünya bir şəkildi,
Gözlərimdə dan söküldü,
Yer üzünə qan töküldü.

 

AY İŞIĞINA GEDƏN YOL

Ətrafımı zülmət alıb,
Bir sevgi gözümdə qalıb.
Gözümdə işıq qocaııb,
Ay işığına gedən yol.

Qarışaraq duman çənə,
Bir sevgi boylanar mənə.
Qovuşa bilmirəm sənə,
Ay işığına gedən yol.

Sevgimə sarı gedirəm,
Qaranlıqları didirəm.
Haqq səsini eşidirəm,
Ay işığına gedən yol.

Üyünürəm gün-gün, dən-dən,
Ulduzlar tökülür göydən.
Tumuşam salxım söyüddən,
Ay işığına gedən yol.

Saçlarım dəyən köksündən,,
İzin ver, mən keçim səndən.
Qurtarım, həsrətdən, dərddən,
Ay işığına gedən yol.

Kim məni atıb zülmətə?-
Sevgimi qatıb zülmətə.
Ayağım batıb zülmətə,
Ay işığına gedən yol.

 

 

ÇİÇƏK YAĞIŞI

Saraldıb payızı, qışın qarğışı,
Mənim ümidimin tutmur naxışı.
Quruyub gözümdə yazın yağışı,
Yağır göy üzünə çiçək yağışı.

Bu bahar gülmədi üzümə mənim,
Bu bahar baxmadı sözümə mənim.
Yağdı yaz yağışı izimə mənim,
Yağır göy üzünə çiçək yağışı.

Daglara, düzlərə səpək yağışı,
De, sevən olarmı mən tək yağışı?
Hər çiçək bir gözəl, öpək yağışı,
Yağır göy üzünə çiçək yağışı.

Bu bahar gecikdi ömrümə mənim,
Bir çiçək əridi sevgimə mənim.
İz düşdü ayıma, ilimə mənim,
Yağır göy üzünə çiçək yağışı.

Səsimi küləklər qovub göylərə,
Hər çiçək bir ulduz qonub göylərə.
Şükr etdim üzümü tutub göylərə,
Yağır göy üzünə çiçək yağışı.

Çiçək yağışının ömrü az olar,
Yayacan yaşamaz saralıb, solar.
Əlimdə çiçəyin izləri qalar,
Yağır göy üzünə çiçək yağışı.

Ağ çiçəklər yağdı günümə mənim
Bu bahar baxmadı ünümə mənim,
Göz yaşlarım yağır könlümə mənim,
Yağır göy üzünə çiçək yağışı.

 

DÜNYAYA GƏLMİŞİK QONAQ

Üzə vurmaqla şapalaq,
Ağıl götürməyir yamaq.
Dünyaya gəlmişik qonaq,
Elmə olaq çıraq, qardaş.

Zamanı sıxmaq olmayır,
Əyrilib oluruq yumaq.
Səpələnib varaq-varaq,
Könüllərə uçaq, qardaş.

Ədaləti soya-soya,
Ömrü-günü oya-oya,
Haqq yolunu qoya-qoya,
Əyri yol açmayaq, qardaş.

Yüz dəfə boşalıb-dolub,
Bu dünyanın rəngi solub.
Günəşin zərrəsi olub,
Qəlblərə nur saçaq, qardaş.

Gözlərimiz yaş olanda,
Yol keçilməz daş olanda,
Dünyamız çaş-baş olanda,
Duraq ona dayaq, qardaş.

Güc çatmır vaxtı saxlayaq,
Zamanı biz qabaqlayaq.
Biz yuxulu dünya oyaq,
Gözümüzü açaq, qardaş.

Ünvanlı yollar arayaq,
Dost-tanışı soraqlayaq.
Zamanla qumar oynayaq,
Olaq qoçaq, qaçaq, qardaş.

Vaxt yüyürür yalınayaq,
Vaxt saxlamır bizi qonaq.
Uca Tanrıya sığınaq,
Bu dünyanı qucaq, qardaş.

 

Pressaz.az