ƏFRAHİM HÜSEYNLİ POEZİYASINDAN…
MƏNİ ÜZÜYUMŞAQ GÖRÜB BU PAYIZ
Məni üzüyumşaq görüb bu payız
Nə vaxtdır qapımı döyür küləyi.
Çəkibdi içinə öz nəfəsini
Ağacın yarpağı, gülün ləçəyi.
Bu yollar uzandı gör hara qədər,-
Bəlkə yollara da bir yük olmuşam…
Elə bilirdim ki, uça bilməyən
Aylardan, illərdən qala qurmuşam.
Mən indi bilmişəm payız çənində
Bir güman axtarmaq nə demək imiş.
Yuxu, nağıl olan yaz yağışında
İslanmaq yalançı öyünmək imiş
Yola, cığıra da bel bağlamışdım,
Uzanan bu yolun sərhədi varmış.
Mənlə o yağışda islanan dostlar
Payız dumanında uzaq olarmış…
Dərd çəkdim dostlarım yaman qocaldı,
Sevdim yer üzünü qaralı-ağlı.
Payız imtahanı varmış qabaqda,-
Dostları gəzirəm əli çıraqlı.
İlahi, bu ömrü yazan ha sənsən,
Mən kiməm, başladım sorğu-suala?
…Buluda bürünüb göyün üzü də,
Deyəsən yağacaq, düzəlim yola…
Əfrahim Hüseynli,
31.08.2019
Pressaz.az