AĞ QIZIL AĞ GÜN DEMƏKDİR
“Beyləqan rayonu zəhmətkeş rayondur. Buradakı adamlar öz halal zəhməti ilə yaşayan, əməksevər insanlardır”.
Ümummilli Lider Heydər Əliyev
1969-cu il Heydər Əliyevin Azərbaycana rəhbər təyin olunması ilə Beyləqan rayonunda inkişafın təməli qoyuldu. Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi 1969 – 1982-ci illərdə Beyləqan rayonuna da xüsusi diqqət göstərdi, onun iri pambıqçılıq rayonuna çevrilməsində xüsusi xidmətləri oldu. Rəhbərlik etdiyi dövrdə onun ilk səfər etdiyi rayonlardan biri də Beyləqan oldu. Heydər Əliyevin bu rayona səfərlərindən sonra zəhmətkeş diyar daha da inkişaf etdi. Bu diyarın övladlarından 18 nəfəri Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq görüldü.
Bu gün də zəhmətkeş beyləqanlılar öz zəhmətlərinə güvənərək Ulu Öndərimizin layiqli davamçısı İlham Əliyevin sərəncamlarını layiqincə yerinə yetirməklə Beyləqan pambıqçılarının şöhrətini, öz uğurları ilə təsdiq edirlər.
Beyləqan rayon Aşqallar kəndində fermer kimi fəaliyyət göstərən Məmmədov Vüqar İmamverdi oğlu məhz öz zəhmətilə ucalan insanlardan biridir. Torpağa bağlılığı, vətən sevgisi, dövlətə sədaqəti olan Vüqar Məmmədov ötən 2017-ci il pambıq yığımında 20 hektardan 88 ton məhsul götürmüşdür.
Vüqar Məmmədovun zəhməti dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilərək 2-ci dərəcəli “Əmək Şöhrəti” ordeni ilə təltif edilmişdir.
Bu il daha yüksək nəticələr əldə edəcəyinə söz verən Vüqar Məmmədova biz də Pressaz.az saytı adından uğurlar diləyirik.
Mətni hazırladı: Ramilə Məmmədova