TARİXİ ABİDƏLƏRİMİZ- FOTO
Pressaz.az-ın məlumatına görə uzun müddətdir ki, Milli Mənəvi Dəyərlərimizə Dəstək İctimai Birliyi “Doğma Azərbaycanım” adlı layihə üzərində öz işlərini davam etdirir. Nəzərinizə çatdıraq ki, layihənin əsas məqsədi Azərbaycan Respublikası ərazisində tarixi, milli və dini abidələri araşdıraraq təbliğ etməkdir. İlk olaraq təşkilatın əməkdaşları Masallı rayonunda oldular.
Bildiyimiz kimi Azərbaycan Respublikası ərazisində bir çox dini-tarixi abidələr mövcuddur. Bu abidələrdən biri də hal-hazırda haqqında danışacağımız Masallı rayonu Cümə Məscidi və Mədrəsə Kompleksidir. Məscidin 150 illik bir tarixi vardır.
Məscid XIX əsrin əvvəllərində inşa edilmiş, əsas və yardımçı binalardan, həmçinin mədrəsə binasından ibarətdir. Məscidin daxili 354 kvadratmetr, tutumu 400 nəfərdir. İnşasında qırmızı kərpicdən və yerli meşə materiallarından istifadə edilmişdir. Məscidin içi ağac şəbəkə ilə kişi və qadın ibadət yerlərinə ayrılmışdır. Pəncərələri ağac və rəngli şüşə şəbəkələrdən qurulmuşdur.
SSRI dövründə bir çox dini ibadət məkanlarımız böyük təzyiqə məruz qaldığı kimi, Masallı rayonu Cümə Məscidi də bu təzyiqlərdən yayına bilməmişdir. Məscidin imamı hacı Məftun Hüseynovun məlumatına əsasən nəzərinizə çatdıraq ki, bu məscid Azərbaycan Respublikası müstəqillik əldə etdikdən sonra, yəni Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrdən etibarən öz əhəmiyyətini yenidən əldə etmişdir. İmam bildirdi ki, SSRI dövründə məscid anbar kimi istifadə olunurdu. Amma hal-hazırda məscid ibadət məkanı kimi fəaliyyət göstərir. Məsciddə dini mərasimlərlə yanaşı dövlət əhəmiyyətli tədbirlər də həyata keçirilir. Həmçinin gündəlik namazlar və cümə namazları qılınaraq xütbələr oxunur.
Bundan əlavə olaraq məscidin ərazisinə mədrəsə binası da daxildir. Mədrəsə binası məscid ilə eyni tarixi bölüşür. Hal-hazırda burada məscidin imamı tərəfindən Qurani-Kərim, ərəb və fars dilləri və s. dərslər keçirilir.
Məscid və mədrəsə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.
Mənbə: https://www.facebook.com/569184973553717/posts/698631370609076/