RAMİLƏ ATƏŞ – SOLMAZ QƏRİBEL QARABAĞLI
Solmaz Qəribel Qarabağlı – Ramilə Atəş
“DÜŞÜB”
Solmaz Qəribel
Sordun, arzuların hanı gözəlim?
Dərin quyuların dibinə düşüb.
Daha çıxarmağa yoxdu gümanım,
Üstünə ələnib daş, torpaq düşüb.
Ramilə Atəş.
Sorma arzuların hanı, gözəlim?
Arzular ölmür ki, ölmür, gözəlim.
Gümanın yoxdursa, ümidin olsun,
Arzular ölmür ki, ölmür, gözəlim.
Solmaz Qəribel.
Demə arzularım hanı gözəlim?
Arzum gözlərimdən çox qaçaq düşüb.
Payız yeli əsib çoxdan üstünə,
Ağacdan saralmış son yarpaq düşüb.
Ramilə Atəş.
Demə arzuların sona yetibdi,
Arzular yoxdursa, bu həyat yoxdur,
Nə qədər qara yel əssə üstünə,
Arzular ölmür ki, ölmür, gözəlim.
Solmaz Qəribel.
Demə arzularım hanı, gözəlim?
Arzum köçkünlərin köçünə düşüb,
Bilinmir ki, səmti, yolu hardadır,
Arzum arzuların içinə düşb.
Ramilə Atəş.
Demə arzularım sənsiz qalıbdı,
Arzumun ən böyük arzusu sənsən.
Arzunun nə yolu, nə səmti olar,
Arzular ölmür ki, ölmür, gözəlim.
Solmaz Qəribel.
Demə arzularım hanı gözəlim?
Arzum xəyalların selinə düşüb,
Elə saf olub ki, büllur bulaq tək,
Bir zalım falçının felinə düşüb.
Ramilə Atəş.
Demə arzularım sənsiz köhlənib,
Öz xəyal atını çapır sağ-sola,
Qəlbin saf, arzular sənin olacaq,
Arzular ölmür ki, ölmür, gözəlim.
Solmaz Qəribel.
Demə arzularım hanı gözəlim,
Bu sözlə,sualla yorma özünü.
Bülbül məndən küsüb,ötmür sözünü,
Sözün bayquşların dibinə düşüb.
Ramilə Atəş.
Demə arzularım sənsiz darıxır,
Yazdığım hər sətir tək-tək oxunur,
Bülbülün küsməyi qəlbə toxunur,
Solmaz Qəribeldən şeir gözləyir,
Arzular ölmür ki, ölmür, gözəlim.
Pressaz.az