Azərbaycan səhiyyəsi öz uğurlarına görə Ulu öndər Heydər Əliyevə minnətdardır

Ulu öndərimiz Heydər Əliyev xalqın sağlamlıq məsələlərinə daim taleyüklü məsələ kimi yanaşmış, bu sahənin cəmiyyət həyatında həlledici rol oynadığını dəfələrlə vurğulamışdır. Ümummilli lider səhiyyəni cəmiyyət və dövlət həyatında ən mühüm, prioritet sahə kimi qiymətləndirərək deyirdi: “Səhiyyə bizim üçün, hər bir cəmiyyət və dövlət üçün çox lazımlı, həyatın bütün sahələrini əhatə edən sahədir. Onun üçün zəruri tədbirlər görülüb və gələcəkdə də görüləcəkdir”.

Heydər Əliyev səhiyyə sisteminin inkişafı ilə bağlı tədbirlərin həyata keçirilməsinə mövcud tibbi obyektlərin abadlaşdırılması, yeni səhiyyə müəssisələrinin yaradılması, əhalinin kütləvi dispanser qeydiyyatına alınması və sahə həkimlərinin işinin fəallaşdırılması məsələlərindən başlayıb. Böyük öndər  ölkəmizdə sağlamlıq zonaları və istirahət evlərinin yaradılmasına, abadlaşdırma işlərinin aparılmasına, mövcud səhiyyə ocaqlarının profilinin genişləndirilməsinə daim ciddi əhəmiyyət verirdi. Heydər Əliyevin hakimiyyətə gəldiyi ilk  dövrdən rayonlarda, xüsusən ucqar dağlıq və dağətəyi bölgələrdə səhiyyənin inkişafına xüsusi diqqət yetirilirdi. Ötən əsrin 70-ci illərinin əvvəllərində həmin rayonlarda ixtisaslı həkimlərin, xüsusən kardioloq, onkoloq, ginekoloq, nevropatoloq, sanitar həkim və epidemioloqların, orta ixtisas təhsilli tibb işçilərinin və şəfqət bacılarının çatışmazlığı kəskin hiss olunurdu. Bu problemin həlli üçün, ilk növbədə, tibbi profilli ali və orta ixtisas məktəblərinə  tələbə qəbulunun sayı artırıldı, ucqar yaşayış məntəqələrindən gələn abituriyentlər üçün güzəştlər tətbiq edildi.  Məhz bu kompleks tədbirlər sayəsində bölgələrin səhiyyə müəssisələrində kadr çatışmazlığı aradan qaldırıldı. O cümlədən Beyləqan rayon MX -da bu inkişaf özünü göstərir.

Və biz Həkimlər də bu gün Ulu Önder Heydər Əliyevi hörmətlə anır, ona Allahdan rəhmət diləyirik.

Qarabağ müharibə veteranı,  Beyləqan Rayon MX -nın poliklinika şöbə müdiri, terapevt  Quliyev Fəxrəddin Əli oğlu