Prezident İlham Əliyev və xanımı Qobustana səfər ediblər – VİDEO

Pressaz.az xezerxeber.az-a istinadən xəbər verir ki,  Prezident İlham Əiyev və birinci xanım Mehriban Əliyeva Qobustan rayonuna səfər ediblər. Dövlət başçısı və birinci xanım ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.

Dövlət başçısı və xanımı Qobustan-Poladlı avtomobil yolunun açılışında iştirak ediblər. Bildirilib ki, iki hərəkət zolaqlı yolun ümumi uzunluğu 14,5 kilometr, hərəkət hissəsinin eni isə 6 metrdir və 5 min nəfərin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirir. Yəni yol bu bölgədə yaşayan insanların Bakı-Şamaxı-Yevlax avtomobil yolu vasitəsilə respublikamızın istənilən istiqamətinə hərəkət etməsinə imkan yaradıb. Bu layihənin icrası sürücülərin təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında da mühüm rol oynayacaq.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qobustan Rayon Mərkəzi Xəstəxanasının açılışına da qatılıblar. Səhiyyə naziri Oqtay Şirəliyev görülən işlər barədə dövlət başçısına və birinci xanıma məlumat verib. Bildirilib ki, 90 çarpayılıq xəstəxananın inşası müasir səviyyədə və yüksək keyfiyyətlə həyata keçirilib. Xəstəxananın ümumi ərazisi 2,6 hektardan çoxdur. Xəstəxanada əsasən Yaponiya, Koreya Respublikası, İtaliya və Türkiyədən alınan müasir tibbi avadanlıq quraşdırılıb. Dövlət başçısı tibb ocağının kollektivi ilə görüşən zaman bildirib ki, xəstəxanadakı avadanlıqlar ən müasir aparatlardır və buna görə insanlara burda göstəriləcək tibbi xidmətin də səviyyəsi artacaq. Dövlət başçısı bu il 6 milyona yaxın insanın dövlət xətti ilə müayinələrdən keçəcəyini də vurğulayıb. Prezident qeyd edib ki, bu təcrübə artıq dünyada özünü doğruldub və dövlət xəstəxanalar, diaqnostika mərkəzləri tikərək şərait yaardır ki, vətəndaşlar pulsuz müayinədən keçsinlər. Həm paytaxtda, həm də böyük şəhərlərdə, eləcə də əhalisi o qədər də çox olmayan rayonlarda bütün digər sosial obyektlər yaradılır. Dövlət başçısı vurğulayıb ki, hər bölgədə bütün sahələrdə inkişaf, müasir yanaşma olmalıdır, vətəndaşlara qayğı, diqqət göstərilməlidir.

Prezident və xanımı “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qobustan filialının açılışında da iştirak ediblər. Bildirilib ki, filialın binasının ümumi sahəsi 1300 kvadratmetrə yaxındır. Dövlət başçısının imzaladığı sərəncama əsasən, Qobustan xalça istehsalı emalatxanasının tikintisi və təchizatına ötən il dövlət büdcəsindən 2 milyon manat vəsait ayrılıb. Dövlət başçısı xalçaçılarla görüşü zamanı bu sahənin tarixi bir sənət olduğunu və eyni zamanda qeyri-neft sektorunun geniş ixrac yönümlü sahələrindən biri ola biləcəyinə diqqət çəkib. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan öz xalçalarını dünya miqyasında daha geniş şəkildə tətbiq edəcək. Gənclər də fəal şəkildə xalça istehsalına qoşulacaqlar ki, bu da Azərbaycana xalçaçılıq sənətini əsrlər boyu yaşatmağa və dünyaya təqdim etməyə imkan verəcək. Prezident İlham Əliyev Azərbaycan xalçalarının dünyanın aparıcı muzeylərində nümayiş etdirildiyini də vurğulayıb. Dövlət başçısı bildirib ki, ölkəmizin bütün bölgələrində müasir xalça fabriklərinin yaradılması qarşıya vəzifə kimi qoyulub. Artıq 20 fabrik hazırdır. Ümumiyyətlə isə 31 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Prezident İlham Əliyev növbəti 1-2 il ərzində qalan fabriklərin də istifadəyə veriləcəyini və beləliklə Azərbaycanın öz qədim sənətini yaşatmaq istiqamətində çox önəmli addım olacağını bildirib.

Qobustan şəhərinin mərkəzində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub.