BİLAL ALARLI: AZADLIQ
Azadlıq
Yolumu azmışam,
düz yola ötürün məni,
Kənddən şəhərə gedən
dəmir atların
yedəyinə götürün məni.
Bu yerlərdə
atların dəmir yəhəri yoxdu,
bu yerlərin örüşü,
otlağı çoxdu.
Burda itlər xaltasız gəzir,
ata əli çatmayanlar
eşşəyə minirlər.
Burda qoyunu sevirlər,
otarırlar,
otlayırlar.
Burda havalı adamın
kitabını qatlayırlar.
Bu yerlərin ovçusu çoxdu,
uzağa uça bilmirəm,
Çoban olmaqdan bezmişəm,
di gəl ki, çomağı qoyub
qaça bilmirəm.
Qaçırın məni,
uçurun məni… şəhərə.
Alın yedəyinizə,
alın aparın,
başımı başlara qatmaq üçün.
Burda darıxıram,
burda hər şey gözəldi
itib-batmaq üçün.
Nəğmə
Gəl, üzü küləyə getməyək,
başqa səmtə gedək.
Nə meydan oxuyaq kədərə,
nə qucaq açaq həsrətə,
gəl, dilimizi başqa nəğməyə öyrədək.
Nə zilə qalxaq,
nə bəmə enək.
İçimizdə oxuyaq,
özümüzə dönək.
Gedənlərin arxasınca getməyək,
qarşımıza çıxan hər şeyi yıxaq.
Ya göydən düşək,
ya da yerdən çıxaq.
Başqa yolumuz yoxdu,
bizə yol qoymayıblar
tutub getməyə.
Tapdanmış yolların nəğməsi
ruhumuza yatmır.
Bizim oxuduğumuz
bizi dinləyənlərə
çatmır.
Özümüzü nə küləyə verək,
nə də üzü küləyə gedək.
Gəl, dilimizi başqa nəğməyə öyrədək –
öz içimizdə oxuyaq
dərdimizi.
GEDİŞ
Qapama qapısını
son ümid yerinin,
qapanarsan hamının üzünə,
hər yerdən əlacın üzülər,
qapanarsan özünə.
Səcdəsinə gəldiyin adamlardan
üz döndərmə,
sənə olan inamı itər
dost-tanışının,
inamın itər dosta-tanışa,
kimə tapınarsan?
Yolundan dönə bilərsən,
əhdindən,
sözündən qaça bilərsənmi?
Hamıdan üz döndərib
çıxıb gedə bilərsən
özünə,de,
özündən qaça bilərsənmi?
Pressaz.az