FAZİL ƏSƏD: MƏRHƏMƏT İŞIĞI

MƏRHƏMƏT İŞIĞI 

Hərənin içindən bir işıq keçir,
Mərhəmət işığı,tanrı işığı.
İçlərindən işıq keçən insanlar
Dünyanın ən təmiz,xoşbəxt uşağı.

Göyərçin uçuran kimdi ki indi ?
Sülh quşu zamanı çoxdan keçibdi.
Çoxları dəyişmiş şeytandı,cindi,
Çoxları nahaqdan ,haqdan keçibdi.

Bir yanda yaxşılıq,bir yanda pislik,
Bölünür yaxşıya,pisə bu dünya.
İçimizdən nurlu bir işıq keçsə,
Abidə qoyacaq bizə bu dünya.

İçimizdən keçən bu nurlu işıq,
İşıq dünyamızın tək yaraşığı !
Hərənin içindən bir işıq keçir,
Mərhəmət işığı, tanrı  işığı !

 

         GECƏLƏR

Taleyimdən tər tökülər,
Xəyalımdan zər tökülər.
Üst-başından sirr tökülər,
Bir ömür yolu – gecələr.

Kədərimə qucaq açar,
Qəm üzümə işıq saçar.
Sevinc də göylərə uçar,
Dərd-qəmlə dolu gecələr.

Sevgini seçibdi bəşər,
Baxışlar köksümü deşər.
Mələklər göylərdən düşər,
Sevginin qulu – gecələr.

Yanımdan,yörəmdən keçər,
Ürəyimi hədəf seçər .
Saf eşqin gözündən içər,
Şirindi – ulu gecələr.

 

Pressaz.az