XANOĞLAN ƏSGƏROV (XAN) – SEVGİMƏ HƏSRƏT QALASSAN…

Oyan, ay gözəlim, açılır səhər!

Sökülür dan yeri, açılır səhər,
Tənhalıq əlindən yeyirəm qəhər.
Atdın gecə məni zülmət aləmə,
Gözlədim, gəlmədin səhərə qədər.
Oyan, ay gözəlim, açılır səhər!

Axşam soraqlaşdım, birdən yox oldun,
Yazdığım sözlərə gec cavab yazdın.
Könülsüz danışdın, könülsüz güldün,
Məndən nə tez doydun, yoxsa yoruldun?
Bir soraq almadım səhərə qədər,
Oyan, ay gözəlim, açılır səhər!

Həssasam həyatda, mərdəm sevgidə,
Düşmənəm namərdə, mən dostam mərdə.
Dözmüşəm həyatda min cürə dərdə,
Bir soraq almadım səhərə qədər,
Bitər bu ayrılıq, qurtarar, gedər,
Oyan, ay gözəlim, açılır səhər!

Payız gecəsidir, fikirlər xəzan,
Axtarır gözlərim səni anbaan.
Aç o qollarını sarıl boynuma,
Bir də ələ düşməz, bil ki, bu dövran.
XAN səni çox sevir, sən buna inan,
Oyan, ay gözəlim, açılır səhər!

SEVGİMƏ HƏSRƏT QALASSAN…

Bir gün həyat dəyişəcək,
O qəlb evin kövrələcək.
Ürək sənə hökm edəcək,
Xumar gözlər yaş tökəcək.
Gözün məni axtaracaq,
Axtarassan, arayassan, tapmayassan,
Sevgimə həsrət qalassan.

Susub sən dinməz durassan,
Kövrəlib yollara baxassan.
Həsrətimdən hey yanassan,
Mənsiz qəlbin sızlayacaq.
Gözün məni axtaracaq,
Axtarassan, arayassan, tapmayassan,
Sevgimə həsrət qalassan.

Qəlbin həsrətdən donacaq,
Buz bağlayıb qar yağacaq.
Deyəcəksən: Xan dönəcək,
Gəlib məni isidəcək.
Gözləyəssən, gəlməyəcək.
Axtarassan, arayassan, tapmayassan,
Sevgimə həsrət qalassan.

O qəlb evin gülməyəcək,
Ürək buna dözməyəcək.
Gecə-gündüz göynəyəcək,
Sevgim səni yandıracaq.
Gözün məni axtaracaq,
Axtarassan, arayassan, tapmayassan,
Sevgimə həsrət qalassan.

Bu hisslərin uzaq deyil,
Səninlədir, sən onu bil.
Bacarsan qəlbindən məni sil,
Vallah, silmək mümkün deyil.
Gözün məni axtaracaq,
Axtarassan, arayassan, tapmayassan,
Sevgimə həsrət qalassan.

Nədən atdın bu sevgini,
Yoxsa yalan sevdin məni?
Bil, yaşatdın bu sevgini,
Xan çox sevir, gözəl, səni.
Gözün məni axtaracaq,
Axtarassan, arayassan, tapmayassan,
Sevgimə həsrət qalassan.

Pressaz.az