Könül Səssiz: Ay ana
Ay ana
İllər ötür, ömür keçir
Zaman məni yıxıb keçir.
Həyat mənə bir dərs keçir
Sınanıram mən, ay ana.
Saçlarıma düşübdür dən
Gözlərim yol çəkir hərdən.
Düşünürəm səni məndən
Kim ayırdı bəs, ay ana.
Sanki dündü bu olanlar
Məni can dostu sananlar
Canım deyib çağıranlar
İndi tanımır, ay ana.
Yolum yaman uzaq düşüb
Dost tanışım məndən küsüb.
Məni səndən uzaq bilib
Tənha sanırlar, ay ana.
Qərib eldə tək qalmışam
Pərvanə tək alışmışam.
Allahima yalvarmışam
Səni yenə görüm, ana.
Bir oğlum var, bir də qızım
Bir qışım, biri yazım.
Artıq sözlər nəyə lazım
Darıxırmışam mən, ay ana.