Şair Əfrahim Hüseynli: Yağan yağışın da üzü dönməyə…
YAĞAN YAĞIŞIN DA ÜZÜ DÖNMƏYƏ…
Yağan yağışın da üzü dönməyə,
Ağac başqalaşa, daş başqalaşa.
Əriyə-əriyə qaralan bulud,
Adam olanlarla qala baş-başa
Çətiri unudub gələn adamın
Ayaq səsini də güman biləsən.
Addımlar batıra yağış səsini,
Nə yağış bezdirə, nə tələsəsən…
Sonra tuş gələsən baxışlarına
“Daş-qaya” bildiyin qonşu Muradın.
Yağış nəfəsini dərməmiş hələ
Sonra küçə-küçə yayıla adın.
Çətirsiz, filansız uzun gecəni
Qalasan yağışla nəfəs-nəfəsə.
…Yorulub, yorulub yatıb qalasan
Yenə gecikəsən birinci gərsə.
Yağış arzuladım yusun yolları
Yusun cığırlardan izlərə qədər.
Uzanan gecə də yağışdan çıxa
Başqa səhər ola açılan səhər.
Mən belə demədim, bu yağış altda
Yenə də gümandan uzaq olasan.
Sonrasa, sonrasa bir yol olmaya,
Üz tutub getməyə girinc qalasan.
Əfrahim Hüseynli.
06.03.2019
Pressaz.az