MİRVARİ QARABAĞLI: SƏNİN TƏSƏLLİNƏ EHTİYACIM VAR

SƏNİN TƏSƏLLİNƏ EHTİYACIM VAR

Ürəyim sızlayır, canım ağrıyır,
Sənsizlik yükünü tənha daşıyır.
Həsrətinlə, ümid ilə yaşayır,
Sənin təsəllinə ehtiyacim var.

Illərin həsrəti belimi bükdü,
Vədəsiz ağarmış saçımı tökdü.
Sanki cəllad kimi köksümü sökdü,
Sənin təsəllinə ehtiyacim var.

Bu necə taledi, bu necə yazı?
Nə qışı bəllidi, nə də ki, yazı.
Yazda da başıma yağdırıbdı qar,
Sənin təsəllinə ehtiyacim var.

Yanımda, yörəmdə dostlarım da var,
Sənsiz bu dünya da olub mənə dar.
Səndən ayrı olmaz mənə kimsə yar,
Sənin təsəllinə ehtiyacim var.

Bu qərib məkanda, bu qərib eldə,
Adım anılsa da, dodaqda, dildə.
İstərəm hər zaman sən ol yanımda,
Sənin təsəllinə ehtiyacim var.

Qarabağlı olub Qarabağından,
Toplamır kəkotu, çiçək dağından.
Dərilmir heyvası, narı bağından,
Sənin təsəllinə ehtiyacim var.

 

AZƏRBAYCAN ƏSGƏRİ

Qartal kimi qanad açın,
Uçun, Vətən torpağına..
Şimşək olub atəş saçın,
Yağılar girsin qınına.

Hünər göstər igid əsgər,
Lağım atıb, qurun səngər.
Sizdə ki, var böyük hünər,
Qəsd edin düşmən canına.

Sizinlə qürur duyuruq,
Düşmənə tələ qururuq.
Durmadan zərbə vururuq,
Qoy bulansın al qanına.

Alın Laçın, Kəlbəcəri,
Bizimdir qədimdən bəri.
Sizdə gördük bu hünəri,
Qoymayın qalsın yağıya.

Seyidin, Xanın oylağın,
Şuşanın , İsabulağın,
Ürəyidir Qarabağın,
Köksündən silin dağını.

Qubadlı, Zəngilan darda,
Cəbrayıl da intizarda.
Qurtarın siz Xocalını,
Qoymayın siz yerdə qanı.

Aldınız Lələtəpəni,
Sevindirib hər bəndəni.
Gətir İsmayıl dədəni,
Saxlamaq olmaz gedəni

 

Pressaz.az