ŞAİR TOFİQ NURƏLİ: KİŞİ SÖZÜ

 

    

                KİŞİ SÖZÜ

Sözdür də.., görünən izi qalmayır
Hərdən şapasan da şillə yerinə…
…Kişinin dediyi söz də kişiydi-
Qoyub atmaq olar güllə yerinə…

Sözdür də..,başına hər cür ip salıb
Yüz yana,yüz yerə qatlamaq olar…
İlahi gücü var kişi sözüylə
Min illik bütləri laxlatmaq olar…

Sahibsiz mülkləri ot alaq basar,
Çoxalar bayquşu viranələrin,
Kəsərli söz deyəın kəs olmayanda
Qeyrəti olmayıb zəmanələrin…

Bədbəxtdi qeyrətdən qısır zəmanə,
İsitmir kişisiz alışan ocaq,
İnanma böyüyüb söz deyən olsun
Qısır zəmanədə böyüyən uşaq.

Kişi sözü gərək hər zəmanənin-
Burda min məna var ensən dərinə…
Kişinin dediyi söz də kişiydi-
Qoyub atmaq olar güllə yerinə…