Ramilə Atəş: Xoşbəxt həyat istəyirəm

Xoşbəxt həyat istəyirəm 

Hərdən buxar olub,
Buludlara qovuşmaq,
Dolmuş buludlardan
Yağmaq istəyirəm.
Susuz torpaqlara
Can vermək,
Qurumuş dodaqları
İslatmaq istəyirəm.
Külək olub əsmək
Namərd insanların
Nəfəsini kəsmək,
Sevənlərin saçına,
Sığal çəkmək istəyirəm.
Günəş olub
Qəlbləri isitmək,
Donmuş qəlblərə
Məlhəm olmaq istəyirəm.
Şimşək kimi çaxmaq,
İldırım kimi vurmaq,
Düşmənimi əzmək istəyirəm!
Çəmənlərdə tər çiçək,
Gülə qonmuş kəpənək.
Axan çaylarda,
Qızıl balıq olmaq istəyirəm!
Küsənləri barışdırmaq,
Sevənləri qovuşdurmaq,
Ocaqları alışdırmaq,
Çıraqları yandırmaq istəyirəm!
Dərd-kədəri unutmaq,
Ağlayanı ovutmaq,
Könüllərdə məhəbbət,
Xoşbəxt bir həyat istəyirəm!